12px13px15px17px
Tarix:01/09/15

“Lisenziyaların elektron qaydada verilməsi əvvəllər yaranan növbələrin qarşısını alacaq”

Prezident İlham Əliyev “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” fərman imzalayıb.
 
Sənəd həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur. Son fərman e-xidmətlərin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq. Bu fərmanla bağlı öz fikirlərini bölüşən iqtisadçı ekspert Vüqar Bayramov sözügedən sənədin əhaliyə nələr vəd etdiyini açıqlayıb. Onun sözlərinə görə, sənəd ilk öncə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini reallaşdıracaq:
 
“Belə ki, bu məqsədlə “Elektron lisenziya” portalı yaradılacaq. Bu portal “Elektron hökumət”in əsas komponentlərindən biri kimi çıxış edəcək. Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyət ilə məşğul olmaq istəyən sahibkardan bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbə, nə də çoxlu sənəd toplamasına lazım gələcək. Sahibkarlar elektron portala müraciət etməklə qısa zamanda lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanları qazanacaqlar. Portal sahibkarlara yalnız qısa müddətdə deyil, hətta cüzi xərclər ilə sənədləri əldə etmək imkanları verəcək”.
 
Bu fərmanın eyni zamanda vətəndaşların da arayış almaq problemini həll edəcəyini önə çəkən iqtisadçının sözlərinə görə, artıq hər kəs sadəcə olaraq şəxsiyyət vəsiqəsi ilə arayışları ala biləcək.
 
“Bunun üçün də çox qısa zaman tələb ediləcək. Elektron bazada bütün məlumatların yerləşdirilməsi imkan verəcək ki, çox qısa zamanda sistem vətəndaşın bütün məlumatlarını görüb, onun istədiyi arayışı çap edə bilsin.
Beləliklə, e-xidmətin sayı və əhatə dairəsi genişlənməkdə davam etməkdədir. Bu isə, təbii ki, vaxta və hətta pula qənaət edilməsi deməkdir” – deyə V.Bayramov bildirib.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 919

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024