12px13px15px17px
Tarix:04/09/15

Səlim Müslümov: Azərbaycanda yeni texnika və texnologiyaların həyatın hər bir sahəsində geniş tətbiqi işçi qüvvəsinə tələbatı artırır”

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, dinamik iqtisadi inkişaf, yeni texnika və texnologiyaların həyatın hər bir sahəsində geniş tətbiqi, yeni istehsal üsullarının meydana gəlməsi ölkənin əmək bazarında yüksək təhsil səviyyəsinə malik olan işçi qüvvəsinə tələbatı artırır və bu, ölkənin iqtisadi artımı üçün əsas şərtlərdən birinə çevrilir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu fikri Ankarada G20 qrupu ölkələrinin əmək və məşğulluq nazirlərinin toplantısında bildirib.
 
 
Nazir qeyd edib ki, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun təmin edilməsi və bütövlükdə insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunması ölkədə dövlət məşğulluq siyasətinin əsas prioritet istiqamətidir:
 
 "Bu gün qeyd olunan məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi işləri görülür. Bu baxımdan, işçi bacarıqlarının formalaşdırılması, inkişafı və istifadəsi üçün əsas prinsipləri müəyyən edən "G20 Bacarıqlar Strategiyası" ("G20 Skills Strategy") Azərbaycan üçün də olduqca aktualdır".  Nazir bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşmış bilik və bacarıqlara malik olan işçi qüvvəsi vasitəsilə ölkədə dayanıqlı, tarazlaşdırılmış və inklüziv iqtisadiyyatın artımına Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq müasir yanaşmalar və innovativ metodlardan istifadə edilərək nail olunacağını vurğulayıb: "Bu forumda qəbul ediləcək G20 Əmək və Məşğulluq Nazirlərinin Bəyanatında öz əksini tapan siyasi məqsədlər və əldə olunmuş G20 ölkələrinin təcrübəsi gələcək fəaliyyətimizdə geniş istifadə olunacaq".  
 
 
Qeyd edək ki, Ankara şəhərində Türkiyə Respublikasının sədrlik etdiyi və dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısı keçirilir. Nazirlikdən qeyd edilib ki, tədbirdə əmək bazarının inkişaf etdirilməsi və daha inklüziv əmək bazarının təşviqi, insan resurslarının inkişafına investisiyanın artırılması, işçi qüvvəsinə tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması və s. məsələlər müzakirə olunur. 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024