12px13px15px17px
Tarix:14/09/11

İnformatikanın tədrisinin aktual problemləri müzakirə edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Bakı və Sumqayıt orta ümumtəhsil məktəblərinin informatika fənni üzrə qabaqcıl müəllimlərinin iştirakı ilə seminar keçirilib.

İnformatikanın tədrisinin elmi əsasları, təhsil sistemində müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinə həsr olunmuş tədbirdə bu sahədə mövcud problemlər, qabaqcıl informasiya texnologiyalarının inkişaf perspektivləri, yeni informatika dərslikləri və orta məktəblərdə informatikanın tədrisi, dünyaya inteqrasiya edən ölkəmizdə informatika elminin inkişafı istiqamətində görülən işlər əsas müzakirə mövzularından olub.

Tədbiri giriş sözü ilə açan AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təhsildə informatikanın elmi-texniki problemlərinin müzakirəsinin seminarın əsas məqsədlərindən olduğunu bildirib.

İKT biliklərinin cəmiyyətə inteqrasiyasının günün tələbi olduğunu vurğulayan alim bu kimi tədbirlərin informatika müəllimlərinin innovativ biliklər əldə etməsinə xidmət etdiyini bildirib.

“AMEA İnformasiya Texnologiyaları İnstitutunda milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır” – bildirən R.Əliquliyev bu işdə İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin fəaliyyətini xüsusi qeyd edib: “İnformatikanın tədrisi proseslərinin vüsət almasında böyük xidmətləri olan Tədris-İnnovasiya Mərkəzi regionlarda orta ümumtəhsil məktəblərinin müəllimləri üçün “İnformatika” fənninin tədrisinin təşkilində yaxından iştirak edir”.

İnformatika müəllimləri üçün yeni İKT bilikləri, proqramlaşdırma, proqramlaşdırma dilləri ilə bağlı tədrisin aparılmasının əhəmiyyətindən də söhbət açan alim ölkədə proqram istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi məsələlərinə də toxunub. Bu sahədə görülən işlərin, ümumiyyətlə, proqram sənayesinin inkişaf etdirilməsinin vacibliyini bildirib.

R.Əliquliyev institutun Tədris-İnnovasiya Mərkəzində bu sahənin inkişafı məqsədlərinə xidmət edən “Gənc proqramçılar məktəbi”nin təşkilinə dair layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

İnstitut direktoru İTİ-nin Tədris-İnnovasiya Mərkəzində informatikanın aktual problemlərinin müzakirəsi, innovativ mühitin yaradılması və digər məqsədlərə xidmət edəcək Elmi Pedaqoji Şuranın yaradılmasının da planlaşdırıldığını bildirib. Natiq informasiya texnologiyalarının dinamik inkişafı ilə əlaqədar olaraq müxtəlif elmi-texniki ədəbiyyat və lüğətlərdə bu sahə üzrə terminlərin dəqiq izahının verilməsinin də aktual problemlərdən olduğunu qeyd edib. Bu və digər problemlərin həllində daha səmərəli nəticələrin əldə olunması baxımından birgə tədbirlərin keçirilməsinin labüdlüyünü vurğulayıb.

AR Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının informasiya sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov təhsilin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi, tədris prosesində yeni pedaqoji texnologiyaların və elmi-metodiki nailiyyətlərin tətbiqi, Azərbaycanın təhsil sisteminin dünyanın təhsil sisteminə inteqrasiyası məqsədlərinin bu gün təhsil sferasında qarşıya qoyulan ən başlıca vəzifələrdən olduğunu bildirib. İ.Sadıqov 2011-ci ildə I, IV və VII siniflər üçün Azərbaycan və rus dillərində nəşr olunan informatika dərslikləri haqda məlumat verib.

O, dünyanın təhsil sisteminə inteqrasiya edən Azərbaycanda yüksək biliklərə malik kadrların yetişdirilməsi üçün peşəkar informatika müəllimlərinin hazırlanmasının müasir dövrün tələblərindən olduğunu bildirib.



Baxış sayı: 2586

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024