12px13px15px17px
Tarix:14/09/15

Yaponiyada mürəkkəb qərarları qəbul etməyə kömək edən kompüter proqramı hazırlanıb

Yaponiyanın “Hitachi Ltd.” şirkəti mürəkkəb qərarları qəbul etməyə kömək edən kompüter proqramı hazırlayıb.
 
Proqramın iş prinsipi internetdə açıq istifadədə olan xəbər materiallarının təhlilindən ibarətdir. Bir dəqiqəyə proqram ona verilən mövzuya uyğun 10 milyon məqaləyə baxa və bütün “lehinə” və “əleyhinə” arqumentləri seçə bilir. Bundan sonra alqoritm onlardan ən önəmlisini seçir və sadə cədvəl tərtib edir. Cədvəl əsasında istifadəçi bu və ya digər məsələ ilə bağlı son qərar qəbul edir.
 
Sınaq zamanı proqrama Yaponiyada kazinoların fəaliyyətinə icazə verilib-verilməməsi ilə bağlı bir sual verilib. Müsbət amillər kimi süni intellekt iş yerlərinin çoxalmasını və iqtisadiyyatın inkişafının stimullaşdırılmasını, mənfi amillər kimi cinayətkarlığın və kazinoya bütün var-dövlətini qoymağa hazır olan oyun həvəskarlarının sayının artmasını qeyd edib.
 
“Hitachi” hazırda proqramın yalnız ingilisdilli versiyasını təqdim edir, yapon dilində olan versiyanın üzərində aparılan işin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
 
Mütəxəssislərin fikrincə, proqramdan iritutumlu mətnli informasiyaların təhlil olunduğu bir sıra sahələrdə istifadə ediləcək. Məsələn, proqramı xəstələrin məlumat bazası, o cümlədən qan və xəstəlik tarixçəsi, ekspertlərin tibb üzrə nəşrləri ilə birləşdirərək tezliklə cərrahiyyə əməliyyatının keçirilməsi və ya bu və ya digər müalicənin təyin edilməsi ilə bağlı qərar qəbul etmək olar. Beləliklə, hətta gənc həkimlər çoxillik staja malik peşəkarlar səviyyəsində mürəkkəb vəzifələrin öhdəsindən gələ biləcəklər. Yeni proqramın tətbiq edilə biləcəyi daha bir sahə sənaye istehsalı ola bilər. Bu sahədə süni intellekt nasazlıqları aşkar etməyə, eləcə də avadanlığın təmiri ilə bağlı qısa təhlil verməyə kömək edə bilər. Lakin “Hitachi” nümayəndələri qeyd edirlər ki, son qərarı istənilən halda insan qəbul edəcək, kompüter proqramı yalnız yardımçı vasitədir. 
 
2016-cı ildə Yaponiyada süni intellekt texnologiyaları sahəsində tədqiqatlara 10 milyard yenin (83,4 milyon dollar) ayrılacağı gözlənilir. Ölkə hakimiyyətinin fikrincə, bu, gələcəkdə robotların və kompüter proqramlarının insanın gündəlik həyatına tətbiqi üçün lazımdır, - “TASS” yazır.



Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024