12px13px15px17px
Tarix:17/09/15

Azərbaycanda yüksək texnologiyalar əsasında sənayenin şaxələndirilməsi ölkənin dinamik inkişafına təkan verib

Elektron hökumətin qurulması, elektron xidmətlərin təkmilləşdirilməsi və ümumilikdə, elektronlaşma fəaliyyətinin genişləndirilməsi  ölkədə sahibkarlığın daha da inkişaf etməsinə, yeni-yeni sahibkarlıq subyektlərinin yaradılmasına böyük imkanlar açıb.
 
 "Ictnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə   Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.
 
 Onun sözlərinə görə, elektron xidmətlərin geniş arealda tətbiqi sahibkarların işlərini xeyli asanlaşdırıb: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust 2015-ci il tarixli  "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" Fərmanı  özəl sektorun inkişafına təkan verəcəkdir. Bu baxımdan qeyd edə bilərəm ki, özəl sektor hər bir sahədə dövlətin dəstəyini hiss etməkdədir".
 
 
Son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı dövlət proqramlarının həyata keçirildiyini xatırladan M.Musayevin qənaətincə, İKT biznes mühitini canlandıran amillərdəndir:
 
"Bütün bunlar kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaradıb. Görülmüş tədbirlərin nəticəsidir ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 27 milyard ABŞ dolları olmuş, bunun da 16  milyard ABŞ dolları daxili investorların vəsaiti  olub. Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir".
 
 
M.Musayev əlavə edib ki, iqtisadiyyatın  hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik şaxələndirilməsi, ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalının daha da artırılması və regionlarda  sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, son illər ərzində  aparılan islahatlar, irəli sürülən mühüm təşəbbüslər əyani şəkildə ölkənin dinamik inkişafına təkan verib:
 
"Belə ki, 2015-ci ilin  6 ayı ərzində iqtisadiyyat 5,7 faiz artıb. Qeyri-neft sektorunda 9,2 faiz, sənaye istehsalı isə təxminən 4 faiz çoxalıb. Qeyri-neft sənayesinin 14 faizdən çox artması son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin nəticəsidir".
 
 
Konfederasiya prezidentinin sözlərinə görə, sahibkarlığın inkişafı ilə əlaqədar ən mühüm məsələlərdən biri də budur ki, bütün regionlarda müasir dövrün tələblərinə uyğun olaraq mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun davamlı inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, müasir texnologiyalar tətbiq olunmaqla yeni istehsal və emal müəssisələrinin yaradılması, iqtisadiyyatın ənənəvi sahələrinin müasir üsullarla inkişafına nail olunması üzrə kompleks tədbirlər həyata keçirilsin.
 
"Təbii ki, bu tədbirlər davam etdirilir. Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı sürətlə aradan qaldırılır və  proses bu gün mühüm əhəmiyyət kəsb edir. Ölkədə kiçik və orta sahibkarlıq mühüm iqtisadi amilə çevrilir,  yeni iş yerləri açılır, gələcəkdə də bu tendensiya sürətlə davam etdiriləcək" – deyə fikirlərinə əlavə edib.
 
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 598

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024