12px13px15px17px
Tarix:28/09/15

Səhiyyə Nazirliyi fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini genişləndirir

Səhiyyə Nazirliyi digər dövlət qurumları kimi öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer ayırır.
 
Bu haqda məlumat verən nazirliyin Mətbuat xidmətindən bildirilib ki, bu baxımdan, vətəndaşları dövlət xidmətlərinə  yaxınlaşdıran, onlara daha da effektiv xidmət göstərmək məqsədi 2014-cü ildə Səhiyyə Nazirliyinin digər elektron resursu “Elektron Səhiyyə” xidməti, 2011-ci ildən isə “Qaynar xətt” - “9103” əlaqə xidməti ilə istifadəyə verilib.
 
“Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinin iş rejimi gün ərzində vətəndaşların daxil olmuş müraciətlərini cavablandırmaq, onların qısa vaxt ərzində həllinə yönəlib: “Ölkənin istənilən bölgəsindən vətəndaşın zəngi, habelə müraciəti Səhiyyə Nazirliyinin bütün şöbələri və strukturları ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən həkimlərdən ibarət operatorlar tərəfindən dinlənilir.
 
Zəruri hallarda “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətinə müraciətlər operatorlarla yanaşı, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri tərəfindən cavablandırılır. Müşahidələrə görə, vətəndaş müraciətləri sırasında səhiyyə müəssisələrinin fəaliyyətinə dair məlumat, yeni yaşayış yeri üzrə poliklinikada qeydiyyat, tibbi arayışın alınması və s. bu kimi müraciətlər üstünlük təşkil edir.
 
Bəzi hallarda vətəndaşlar səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsinin qənaətbəxş olmaması barədə də məlumat verirlər.
 
Belə olan halda “Qaynar xətt”in əməkdaşları dərhal səhiyyə müəssisəsi ilə əlaqə saxlayır, vətəndaşın müraciəti barədə məlumat verir, məsələni araşdırır”.
 
 
Əksər hallarda vətəndaşların səhiyyə müəssisələrinin fəaliyyət proseduru, qaydalar barədə məlumatsız olduqları aşkar edilir və müraciət qısa müddət ərzində həll edilir. Ehtiyac olduqda müraciətin dəqiqləşdirilməsi məqsədi ilə xüsusi komissiya yaradılır, yaxud da aidiyyəti üzrə digər dövlət qurumlarının tabeliyində olan müəssisələrə yönəldilir. Səhiyyə Nazirliyinin “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətinə daxil olan hər bir vətəndaş müraciəti ilk zəng daxil olduğu andan, məsələ həll edilənədək nəzarətdə saxlanılır:
 
“Statistik rəqəmlərə nəzər salsaq, qeyd etmək olar ki, 2015-ci ilin keçən dövrü ərzində “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olub. Müraciətlərin yalnız 13%-ni səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib. Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində 2015-ci il ərzində səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb.
 
 
Hazırda “Qaynar xətt”in fəaliyyətinin təkmilləşdirilməsi üzərində işlər gedir, təkliflər hazırlanır. Nəzərə almaq lazımdır ki, “Qaynar xətt” xidmətinə kifayət qədər çox müraciət daxil olur. Vətəndaşların zəng növbəsində dayanmaması üçün xüsusi proqram təminatının istifadəyə verilməsi nəzərdə tutulub. Yenilik tətbiq edildikdən sonra 9103 nömrəsinə zəng etmiş, lakin əlaqə yarada bilməyən vətəndaşa “Qaynar xətt” xidmətinin əməkdaşı tərəfindən təkrar zəng ediləcək. Beləliklə, müraciətin həll olunması məqsədi ilə bütün zəruri addımlar atılacaq”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024