12px13px15px17px
Tarix:01/10/15

Azərbaycanda elektron tullantılar problemi aktuallığını saxlayır

Azərbaycanda elektron tullantılar problemi aktuallığını saxlayır. AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev sözügedən problemə İTİ-də keçirilən ətraf mühitin qorunması, iqtisadiyyatın "yaşıllaşdırılması", bu sahədə mövcud problemlər və onların həlli yollarına həsr olunmuş elmi seminarda toxunub.

İTİ-dən qeyd edilib ki, Ə.Əliyev seminarda "İqtisadiyyatın "yaşıllaşdırılması": mövcud problemlər, vəzifələr və  həll istiqamətləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzəsində qeyd olunan problemdən danışan məruzəçi bu tullantıların vaxtında utilizasiya edilməsinin elektron dövlət quruculuğunun əsas problemlərindən olduğunu söyləyib. Bu istiqamətdə dünyada kifayət qədər mütərəqqi üsul və təcrübə olsa da, həllini gözləyən mühüm problemlərin az olmadığını vurğulayıb:

"Bu səbəbdən dünya iqtisadiyyatı ilə inteqrasiyaya meyl edən Azərbaycan iqtisadiyyatı və cəmiyyəti həm postsənaye iqtisadiyyatının "yaşıllaşdırılması" texnologiyalarından ən səmərəli formada istifadə etməklə qeyri-neft sektorunun inkişafına, həm də müasir texnologiyaların tətbiqi ilə informasiya cəmiyyəti iqtisadiyyatının "yaşıllaşdırılması"na nail olmalıdır".


Şöbə müdiri "yaşıl" iqtisadiyyatın son onilliklərdə meydana gəlmiş yeni istiqamət olduğunu da söyləyib. "Onun mahiyyəti ekosistemin və gələcək nəsillərin qeydinə qalmaq, təbiətdəki bütün canlıların yaşamaq hüququnun qorunmasına nail olmaqdır. "Yaşıl" inkişaf və ya "yaşıl" iqtisadiyyat dedikdə, beynəlxalq təşkilatlar tərəfindən ekoloji təhlükəsizliyi təmin edən əmtəə və xidmətlərin istehsal və istehlakı, həmçinin "yaşıl" inkişafa yatırılan investisiyalar nəzərdə tutulur. BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme – UNEP) məruzələrində isə "yaşıl" iqtisadiyyat insanların rifahını yüksəldən və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit üçün riskləri kəskin azaldan iqtisadiyyat kimi təyin olunur.

"Yaşıl" iqtisadiyyatın formalaşması həm ətraf mühitin qorunmasının, həm də mövcud olan təbii ehtiyatlara və müasir biliklərə əsaslanan davamlı inkişafın təmin edilməsində mühüm şərtdir." Onun sözlərinə görə, müxtəlif fəaliyyət sahələrinin inkişafı insanların rifahına xidmət etməklə yanaşı, bir sıra problemlərin də vüsət almasına səbəb olub. O, hazırda dünyanın əksər ölkələrində iqtisadi artımın ətraf mühitin tənəzzülü, çirklənmə səviyyəsinin artması, təbii resursların tükənməsi, biosferin pozulması və iqlim dəyişikliyi kimi hallarla müşahidə olunduğunu söyləyib.

Biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin çirklənməsinin qarşısının alınması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsinin mühüm məsələlərdən olduğunu vurğulayıb. Bu istiqamətdə zəruri və davamlı tədbirlərin görülməsinin vacibliyini qeyd edib.


Azərbaycanda iqtisadiyyatın "yaşıllaşdırılması", alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, bu sahədə mütəxəssislərin hazırlanması və enerji istehlakçılarının maarifləndirilməsinin prioritet məsələlərdən olduğunu söyləyib.

Sonda məruzəçi "yaşıl" iqtisadiyyat, "yaşıl" istehsal, "yaşıl" təfəkkür və "yaşıl" həyat tərzinin gələcək həyatımızın əsas komponentlərinə çevrilməli olduğunu qeyd edib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 494

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024