12px13px15px17px
Tarix:07/10/15

Yerli İT şirkəti Türkmənistanın “ASAN Xidmət”i üçün nəzərdə tutulmuş e-platformaların quraşdırılmasilə məşğul olacaq

Türkmənistan Azərbaycanın “ASAN Xidmət” bazasında əhaliyə göstərilən innovativ xidmət modelilə yaxından maraqlanır. “Sinam” şirkətindən verilən məlumata əsasən, “ASAN Xidmət” Türkmənistanın ən böyük şirkətlərindən biri olan “Qaraqum”un dəstəyilə təşkil edilmiş “Turkmentel 2015” sərgisində təmsil olunub. 


Bu xidmətin Türkmənistanda tətbiqi barəsində müsbət qərar qəbul olunarsa, o zaman sözügedən innovativ modelin gerçəkləşdirilməsi üçün müvafiq konsorsiumun yaradılması planlaşdırılır. Azərbaycan tərəfindən konsorsiuma Dünya Bankı və Asiya İnkişaf Bankının dəstəyilə Mərkəzi Asiya ölkələrində mühüm avtomatlaşdırma sistemlərini tətbiq etməklə bu sahədə böyük təcrübə qazanmış “Sinam” şirkəti daxil olacaq. “Sinam” şirkəti Türkmənistanın “ASAN Xidmət”i üçün nəzərdə tutulmuş e-platformaların quraşdırılmasilə məşğul olacaq. 
 
Türkmənistan bu konsorsiumda “Qaraqum” şirkətinə bağlı “Turkmentolek” şirkətilə təmsil oluna bilər. “Qaraqum” şirkəti 1989-cu ildən Türkmənistanın müxtəlif sahələrində iri layihələrin reallaşdırılması ilə məşğuldur.
 
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə tətbiq olunan milli “ASAN Xidmət” modelinin ən vacib xüsusiyyəti hökumət qurumlarının vətəndaş və biznes-qurumlarla əlaqələrinin tam şəffaflığını təmin etmək, daha qısa müddətdə arayış və sənədlərin alınması və dəyişdirilməsi üçün müvafiq şərait yaratmaqdır. Müxtəlif beynəlxalq təşkilatlar dəfələrlə “ASAN Xidmət” modelini korrupsiyaya qarşı aparılan mübarizənin effektiv aləti adlandırmış, elektron hökumət istiqamətində atılan mühüm addım kimi yüksək qiymətləndirmişdir. 
 
 
Türkmənistan əhali və biznesə xidmət göstərən bütün nazirlik və digər hökumət qurumlarının qoşulacağı və “bulud” texnologiyalarının tətbiqilə yaradılacaq vahid hökumət e-platforması layihəsini reallaşdırmağı düşünür. Təcrübə göstərir ki, məhz müasir yüksək texnologiyaların tətbiqi əhali və biznes-qurumlarına göstərilən sosial innovativ xidmətlərin effektivliyini dəfələrlə artırmağa imkan verir.
 
 
Qeyd etmək lazımdır ki, 2016-cı il Türkmənistanda avtomatlaşdırma ili elan edilib və bununla əlaqədar olaraq ölkənin yüksək texnologiyalar sahəsində müxtəlif layihələrin reallaşdırılması nəzərdə tutulub.
 
 
RƏVAN
 



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024