12px13px15px17px
Tarix:14/10/15

Nazir: “Elektron xidmətlərin genişləndirilməsi əlavə imkanlar yaradacaq”

Neftin qiymətinin düşməsi qeyri-neft sahəsinə, xüsusilə də informasiya və rabitə sektoruna bəslənən ümidləri daha da artırıb. Bu, özünü hökumətin açıqlamalarında da hiss etdirir. Belə ki, bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında 2016-cı il və növbəti 3 il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyri-neft sektorundakı gözləntilərdən və rabitə və informasiya texnologiyaları sektorunda nəzərdə tutulan artım və gəlirlərdən danışıb. 
 
 
Qeyri-neft sektoruna 10.8 mlrd manat investisiyanın yatırılacağının gözlənildiyini vurğulayan deyən nazirin sözlərinə görə,  növbəti 3 ildə investisiyaların 47.3 mlrd manat, o cümlədən xarici investisiyaların 15.4 mlrd manat təşkil edəcəyi proqnozlaşdırılır.
 
2016-cı ildə də iqtisadi artımın qeyri-neft sektorunun hesabına təmin ediləcəyini önə çəkən Ş.Mustafayevin sözlərinə görə, qarşıdakı illərdə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaq. Çünki növbəti illərdə sənayenin inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndiriləcək, yeni istehsal sahələrinin yaranması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaq.
 
Onun sözlərinə görə, bütövlükdə qeyri-neft sənayesi üzrə 2016-2019-cu illər üzrə orta hesabla 9.2% artıma nail olunacağı proqnozlaşdırılır.
 
 
İnformasiya və rabitə sektorunda müsbət dinamikanın davam edəcəyini xüsusi vurğulayan Ş.Mustafayev bu sahədə 2016-cı ildə 13.5%, növbəti 3 ildə orta illik 10.3% artımın gözlənildiyini deyib.
 
O, yeni peyklərin orbitə çıxarılması və yüksək texnologiyalar parklarının fəaliyyətini önə çəkərək qeyd edib ki, bütün bunlar, eləcə də elektron xidmətlərin genişləndirilməsi bu sahədə əlavə imkanlar yaradacaq.
 
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024