12px13px15px17px
Tarix:15/10/15

Elektronlaşma sığorta bazarını genişləndirib

Ölkədə sığorta sisteminin elektronlaşdırılması, bu sahədəki xidmətlərin onlayn müstəviyə keçirilməsi əhali arasında sığortaya meyli gücləndirib. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən sığortaçılar müxtəlif proqramlar haqqında düşünməli olublar. Bunun nəticəsidir ki, bu gün "Excelsior Baku" hotelində sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan  "Peşəkar Sığortaçı Sertifikasiyası" (PSS) Proqramının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov və Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) Direktorlar Şurasının sədri Rüfət Mahmudov, həmçinin yerli sığorta şirkətlərinin rəhbər şəxsləri və KİV nümayəndələri iştirak edib.

İlk öncə DSNX-nin rəisi Namiq Xəlilov tədbir iştirakçılarını salamlayıb, yerli sığorta bazarına peşəkar kadrların cəlb olunmasının aktuallığından söz açıb. Onun sözlərinə görə, məhz bu səbəbdən yerli sığortaçıların təşəbbüsü, Maliyyə Nazirliyinin maliyyə dəstəyi, ASA və ARPA-nın təşkilati dəstəyi ilə "Sığorta: prinsiplər və təcrübə" adlı ayrıca dərslik, eləcə də sığorta sahəsində çalışmaq istəyənlər üçün sertifikasiya proqramı hazırlanıb.
Daha sonra ARPA-nın Direktorlar Şurasının sədri Rüfət Mahmudov "PSS" proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, proqram hazırlanarkən 4 xüsusiyyət əsas götürülüb. Bunlar şəffaflıq və obyektivliyə ciddi şəkildə riayət edilməsi, imtahan prosesinin avtomatlaşdırılaraq insan faktorunun maksimum dərəcədə azaldılması, imtahanlarda iştirak üçün məhdudiyyətsiz (yaş, ixtisas və s.) imkanların yaradılması və nəhayət, imtahan nəticələrinin qısa zaman ərzində açıqlanmasıdır.

R.Mahmudovun sözlərinə görə, sertifikasiya proqramının nəticələri Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən də qəbul ediləcək və sığorta şirkətlərinin işə qəbul üçün gördüyü işlərin həcmini əhəmiyyətli dərəcədə azaldacaq. Bu proqram əsasında imtahan verməyi bacaranlar həmçinin ARPA-nın üzvü ola biləcəklər.

Sonda ASA sədri Orxan Bayramov proqramın hazırlanması prosesindən söz açıb. O bildirib ki, bu proqramın hazırlanmasına 1 il vaxt sərf edilib. Orxan Bayramovun sözlərinə görə, "PSS" proqramı çərçivəsində dərslər ASA-nın Təlim Mərkəzində aparılacaq. Sertifikatlaşdırma isə Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən həyata keçiriləcəkdir. Dərs vəsaiti kimi istifadə olunacaq Devid Blandın "Sığorta: prinsiplər və təcrübə" kitabı isə dünyada sığorta sahəsi üzrə ixtisaslaşmış Böyük Britaniyanın "Chartered Insurance Institute"-un (CII) lisenziyası əsasında Azərbaycan dilinə tərcümə olunub.

SEYMUR




Baxış sayı: 703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024