12px13px15px17px
Tarix:20/10/15

AMEA-nın elmi-tədqiqat müəssisələrində “Kompüter elmləri” ixtisası üzrə doktorant və dissertant hazırlığına başlanılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat müəssisələrində Kompüter elmləri ixtisası üzrə doktorant və dissertant hazırlığına başlanılacaq. Sözügedən ixtisas AMEA İdarəetmə Sistemləri İnstitutu (İSİ) və AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) tərəfindən təqdim olunan istiqamətlər sırasında yer alıb. Fəlsəfə doktoru və Elmlər doktoru proqramları üzrə 2015-ci il üçün doktorant və dissertant hazırlığı ilə bağlı hər iki institutun qəbul planlarında digər ixtisaslar da var. Belə ki, İdarəetmə Sistemləri İnstitutu “İnformasiya ölçmə və idarəetmə sistemləri”, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, “Ekonometriya” ixtisasları üzrə doktorant və dissertant hazırlığını həyata keçirəcək. İnformasiya Texnologiyaları İnstitutu isə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” və “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” üzrə doktorant və dissertant hazırlığını aparacaq.

Qeyd edək ki, AMEA-nın 2015-2016-cı tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya elan etdiyi qəbulla bağlı sənədlər noyabrın 5-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər. AMEA-dan qeyd edilib ki, dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları sənəd təqdim edə bilər. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır. Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024