12px13px15px17px
Tarix:22/10/15

“Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin 95 illik yubileyinə həsr olunan sərginin açılışı və “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Virtual muzey Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
 
Əvvəlcə tədbirdə iştirak edən müvafiq qurumların nümayəndələri, alim və mütəxəssislər, jurnalistlər sərgi ilə tanış olublar. Sərgidə muzeyin fondlarında qorunan maraqlı eksponatlar, nəşrlər nümayiş etdirilib, muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifi və tərtibatçısı olduğu “Milli Azərbaycan Tarixi Muzeyi – 95” kitab-albomu təqdim edilib.
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev Milli Azərbaycan Tarixi Muzeyinin tariximizin, mədəniyyətimizin dünyada tanıdılmasında çox önəmli rolu olduğunu diqqətə çatdırıb, “Virtual Qarabağ Tarixi Muzeyi”nin həm Azərbaycanda, həm də digər ölkələrdə Qarabağla bağlı aparılan tədqiqat və təbliğat işində mühüm rolu olacağını vurğulayıb.
 
Tədbirdə qeyd edilib ki, “Virtual Qarabağ Tarixi Muzeyi” layihəsinin məqsədi müxtəlif muzeylərdə saxlanılan və Qarabağın tarixi, mədəni irsini əks etdirən eksponatları bir yerə cəmləməkdən ibarətdir. Burada Qarabağa dair 32 muzey və şəxsi kolleksiyadan 900-ə yaxın eksponat toplanıb.
 
“Virtual Qarabağ Tarixi Muzeyi” “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin  portalının server bazasına yüklənərək saxlanılacaq və muzeylə həmin portal vasitəsilə tanış olmaq mümkün olacaq.
 
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov tariximizin təbliğinin vacibliyindən, bu sahədə Milli Azərbaycan Tarixi Muzeyinin rolundan bəhs ediblər.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 585

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024