12px13px15px17px
Tarix:31/10/15

IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə ən yüksək səviyyədə təmin edilməsi üçün bütün tədbirlər görüləcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə ən yüksək səviyyədə təmin edilməsi üçün bütün lazımi tədbirlər görüləcək.

Bununla bağlı RYTN-də verilən əmrə əsasən, rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi ilə RYTN-in şöbə və müəssisələrinin, habelə, yerli İT şirkətlərinin və mobil rabitə operatorlarının rəhbərlərinin təmsil olunduğu qərargah yaradılıb.
 
 
Qeyd edək ki, nüfuzlu tədbirlərdə, o cümlədən I Avropa Oyunları zamanı rabitə xidmətlərinin keyfiyyətli təşkili ilə bağlı RYTN mütəxəssisləri böyük təcrübə qazanıblar və üzərilərinə düşən işin öhdəsindən müvəffəqiyyətlə gəliblər.
 
 Belə ki, Bakıda keçirilmiş I Avropa oyunlarının telekommunikasiya xidmətləri ilə təminatı üzrə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) texnologiya komandası ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında 2013-cü ilin iyun ayından başlanılmış əməkdaşlıq çərçivəsində ayda bir dəfə iclas keçirilməklə tədbirlər görülüb, oyun məkanları və təşkilati binalar BAOƏK-in tələbatına uyğun dayanıqlı və alternativ optik kabellərlə təchiz edilib və tələbata müvafiq olaraq, ümumilikdə 288 km optik kabel çəkilib, montaj və ölçü işləri aparılıb.
 
Həmçinin Mingəçevir şəhərində keçirilmiş kanoe-sprint idman yarışının yayımının və digər telekommunikasiya xidmətlərinin təşkili üçün əsas və alternativ yollarla “Kür” idman mərkəzindən BAOƏK-in data mərkəzlərinə RYTN-in şəbəkəsi ilə yanaşı Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və “Azərenerji” ASC-nin optik resurslarından da istifadə etməklə rabitə təşkil edilib. Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet rabitəsi ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb, həmçinin Radio Rabitə Xidmətlərinin təşkili təmin edilib.
 
 Həmçinin RYTN-in sifarişinə əsasən, ABŞ-ın bu sahədə ixtisaslaşmış “Global Wireless Solutions” şirkəti tərəfindən respublikamızda fəaliyyət göstərən mobil rabitə operatorlarının xidmət keyfiyyətinin monitorinqi aparılmış və Bakı şəhəri ərazisində, o cümlədən yarışların keçiriləcəyi idman komplekslərində, insanların çox toplaşdığı müxtəlif məkanlar üzrə mövcud daxili şəbəkələrdə, Bakı və Mingəçevir şəhərləri arasında magistral avtomobil yollarında aparılan test işləri əsasən şəbəkələrin əhatə dairəsi, şəbəkəyə giriş imkanlığı və xidmətlərin dayanıqlığı, səs və paket tipli məlumat mübadiləsinin təhlil olunub, birgə şəbəkə analizi aparılıb, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyaları üzrə istifadəçilərə göstərilən xidmət səviyyəsi ölçülüb.
 
Alınmış nəticələrə görə, respublikanın mobil rabitə şəbəkəsinin və göstərilən xidmətlərin keyfiyyəti ümumilikdə qənaətbəxş hesab edilib. Oyunlar zamanı məkanlara və eləcə də məkanlardan TV yayımının etibarlı şəkildə təşkili üçün optik kabellərlə təminat RYTN-nin üzərinə düşən vacib məsələlərdən olmuş və bu məqsədlə oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkə qurulub. Eyni zamanda oyun  məkanlarındakı yarışların yayımının Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və “Azərspace-1” peyki vasitəsilə yayımının təşkili də təmin edilib.
 
 Eyni zamanda, “Azərkosmos” ASC I Avropa Oyunlarının rəsmi dəstəkçisi kimi də fəaliyyət göstərib. Oyunlar keçirilmiş məkanlar və təşkilati binalarda istifadəsi üçün tələb olunan radiotezliklər də müəyyən edilib, Radiotezliklər üzrə Dövlət Komissiyası və Dövlət Radiotezliklər İdarəsi tərəfindən inventarizasiya olunaraq, boş radiotezliklərin ayrılması və zərurət əsasında istifadədə olan radiotezliklər qısa  müddətə müvəqqəti boşaldılaraq oyunların keçiriləcəyi vaxt ərzində aidiyyəti üzrə ayrılıb.
 
Oyunlardan öncə və oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi İdarəetmə Qrupu yaradılıb, məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, oyunların keçirildiyi dövrdə dövlət əhəmiyyətli saytların müdafiəsinin gücləndirilməsi, müvafiq saytların nəzarətdə saxlanılması, kibertəhlükəsizlik riskləri və hər hansı təhlükə üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024