12px13px15px17px
Tarix:31/10/15

İTİ-də “Big Data” analizi üzrə tədqiqatlar davam etdirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) böyük verilənlərin – BV-nin (Big Data) analizi üzrə tədqiqatlar davam etdirilir.
 
 
İnstitutdan bildirilib ki, sözügedən tədqiqat istiqaməti ilə bağlı növbəti elmi seminar keçirilib. “Big Data analiz: əsas platformalar, mövcud yanaşmalar və problemlər” mövzusundan danışan institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova bu texnologiyanı digərlərindən fərqləndirən xüsusiyyətlərdən söz açıb.
 
 Sektor müdiri bildirib ki, “Big Data” analizinin aparılmasında əsas məqsəd böyük verilənlərdən gizli qanunauyğunluqları, naməlum korrelyasiyaları, bazar tendensiyalarını, müştərilərin istəklərini və digər faydalı məlumatları əldə etməkdir.
 
O, verilənlərin tipləri, “Big Data”-nın xarakteristikası, toplanması, saxlanması və analitik emalı üçün istifadə olunan müvafiq texnologiyalar, tətbiq sahəsindən asılı olmayaraq BV-nin emalının əsas texnoloji mərhələləri haqqında ətraflı məlumat verib:
 
“Verilənlərin həcminin artması və real zamanda onların analizinə olan tələbat BV-nin ən əsas problemlərindən sayılan böyük verilənlərin analitikası istiqamətinin yaranmasına gətirib çıxarıb. Həm strukturlaşdırılmış, həm də strukturlaşdırılmamış informasiya ilə işləmək, daha dərin intellektual analiz aparmaq və analizin nəticələrini vizuallaşdırmaq BV-nin analitikasının əsas məsələlərindəndir”.
 
 
Məruzəçi həmçinin, böyük verilənlərin real vaxtda analizini effektiv həll etməyə imkan verən yeni “Big Data Analytics” vasitələrin yaradılmasının zəruriliyini vurğulayıb, analiz nəticələrinin vizuallaşdırılması problemlərinə də toxunaraq, analizin nəticələrini nəzərdən keçirmək üçün mövcud metodlardakı çatışmazlıqlardan və onların həlli yollarından danışıb.
 
 
“Big Data” və biznes analitika arasındakı fərqli xüsusiyyətlərdən də danışan R.Qasımova “big data” analizinin problemləri, verilənlərin real vaxtda analitikası, analizin nəticələrinin vizuallaşdırılması, vizuallaşdırmada böyük verilənlərdən vacib informasiyanın seçilməsi probleminin həlli yollarından bəhs edib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024