12px13px15px17px
Tarix:04/11/15

Texnoparkların “start-up”-ların və innovativ ideyaların yaradılmasında rolu artır

Qeyri-neft iqtisadiyyatının dinamik inkişafını təmin etmək üçün görülən işlərdən biri də Yüksək Texnologiyalar Parkının yaradılmasıdır.
 
Texnoparkların “start-up”-ların inkişafında, yeni və innovativ ideyaların yaradılmasında rolu əhəmiyyətlidir. İdeyaların stimullaşdırılması, hüquqi məsləhətlərin verilməsi, innovativ texnologiya yönümlü layihələrin formalaşması üçün ilkin infrastrukturun təminatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar Parkının (YTP)  nəzdində “PiCampus” Biznes İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Hazırda mərkəzdə, müxtəlif texnoloji sahələri əhatə edən 39 layihə fəaliyyət göstərir. Həmin layihələr dövlət dəstəyindən səmərəli istifadə edir və yararlana bilirlər.
 
 
Eyni zamanda gündəlik olaraq 100-ə yaxın insan “PiCampus”-un texniki imkanlarından istifadə edir.
 
 
Qeyd etmək lazımdır ki, Biznes İnkubasiya Mərkəzinin “start-up”-larından biri "NoObs" komandası cari ilin 27-31 iyul tarixlərində ABŞ-ın Siyetl şəhərində “Microsoft İmagine Cup” tədbirində Azərbaycanı təmsil etmiş və Beynəlxalq münsiflər heyətinin qiymətləndirməsi nəticəsində innovasiya kateqoriyaları üzrə dünyada 2-ci yeri tutub. Cari ildə "YT Park" Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (The World Technopolis Assosiation - WTA) üzv qəbul olunmuş və təşkilat tərəfindən sertifikatlaşdırılıb və həmin təşkilatın müşahidəçi üzvü seçilib.
 
 
Uğurlu işlərdən biri kimi, tanınmış və biznes məktəbləri arasında aparıcı yeri tutan “İ.E Business School” beynəlxalq biznes Universiteti ilə aparılan danışıqları da qeyd etmək olar. Cari ilin 3 dekabr tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə YTP  və “İ.E Business School”–un birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə “IE Venture Day” Beynəlxalq Startap Müsabiqəsi keçiriləcək.
 
Hazırda dünyanın 35 şəhərində keçirilən “İE Venture Day” müsabiqəsi ilk dəfə Qafqaz regionunda məhz Azərbaycanda baş tutacaq. Bildiyiniz kimi, universitetlər və sahibkarlar tərəfindən yaradılan texnoparklardan fərqli  olaraq, dövlət tərəfindən yaradılan texnoparklara müvafiq maliyyə və vergi güzəştləri tətbiq olunur. Bu isə öz növbəsində istehsalatın dövlət texnoparklarının ərazisində qurulmasını daha səmərəli edir.
 
Bu məqsədlə, YTP-nin infrastrukturunun qurulması üçün Bakı şəhəri Pirallahı adasında və Mingəçevir şəhərində müvafiq torpaq sahələri ayrılıb. Hal-hazırda  Pirallahıda yerləşən ərazidə istehsalat sahələrinin qurulması üçün layihələndirmə işləri başa çatmaqdadır. Təsdiq olunacaq layihə əsasında ən müasir tələblərə cavab verən və istehsalata başlamaq üçün tam hazır vəziyyətdə olması nəzərdə tutulan istehsalat - ofis sahələrinin tikintisinə qısa müddət ərzində başlanılacaq. İstehsalat-ofis sahələrində yerli və xarici şirkətlər tərəfindən  müxtəlif növ rəqabətə davamlı yüksək texnoloji məhsulların istehsalı nəzərdə tutulub.
 
 
Mingəçevir YTP-də ilk rezident artıq fəaliyyətə başlayıb. Parkın ərazisində olan mövcud infrastruktur və ən müasir avadanlıqlar vasitəsi ilə yaxın zamanda müxtəlif növ yüksək texnoloji məhsulların istehsalına başlanılacaq.

Dövlət tərəfindən texnoparklara verilən müvafiq güzəştlər yaxın gələcəkdə “Made in Azerbaijan”  brendinin yerli və xarici bazarlarda rəqabətə davamlı mövqe tutacağına şərait yaradacaq, bu isə öz növbəsində Azərbaycanın ixrac potensialının artırılması istiqamətində mühüm irəliləyiş olacaq. 
 
 



Baxış sayı: 638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024