12px13px15px17px
Tarix:05/11/15

Elektron multimedia resurslarının arxivləşdirilməsi və qorunması üçün Multimedia Qalereyası yaradılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Multimedia Qalereyası yaradılıb. Akademiyadan bildirilib ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.
 
 
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin sözlərinə görə, bu gün AMEA-da e-elmin elmi-nəzəri əsasları geniş tədqiq olunur, onun şəbəkə platforması olan “AzScienceNet” elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir.
 
 
“Akademiyada İKT-nin geniş tətbiq olunduğu sahələrdən biri də elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin qurulmasıdır” fikrini səsləndirən alim bu istiqamətdə “science.az” portalının müasir dünya standartlarına uyğun yeni versiyasının hazırlanaraq istifadəyə verildiyini, onun tərkibində “Elm TV” adlı internet televiziyasının yaradıldığını diqqətə çatdırıb.
 
 
Akademik qeyd edib ki, həyata keçirilən bu tədbirlər nəticəsində AMEA-nın elmi və elmi-təşkilati fəaliyyətinin müxtəlif istiqamətlərini özündə əks etdirən çoxlu sayda elektron video, audio və foto məzmunlu multimedia resursları toplanır: “Onlar Akademiyanın bugünkü fəaliyyətini əks etdirən qiymətli materiallar olaraq, böyük tarixi əhəmiyyətə malikdir. Bu materialların sistemli və mütəmadi olaraq toplanması, etibarlı saxlanması, sistemləşdirilməsi, onlayn istifadəsi və gələcək nəsillərə çatdırılması olduqca zəruridir”.
 
 
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Qalereyasının yaradılması ilə bağlı qərar qəbul edib. Bununla əlaqədar təşkilati, texniki və kadr məsələlərinin həll edilməsi İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilib.
 
Qərara əsasən, AMEA-nın “science.az” portalına, “Elm TV” internet televiziyasına, elmi müəssisə və təşkilat rəhbərləri rəhbərlik etdikləri müəssisənin fəaliyyəti üzrə elektron multimedia resurslarını müntəzəm olaraq Multimedia Qalereyasına təqdim etməlidirlər. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024