12px13px15px17px
Tarix:17/11/15

“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

Yaşadığımız dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ölkələrin inkişaf səviyyəsini müəyyən edən mühüm amillərdən biridir. İnformasiya mübadiləsi internet vasitəsilə elektron şəkildə aparıldığından, elektron hökumətdə fəaliyyət daha çevik, effektiv, şəffaf olmaqla yanaşı, xərclər də azalır. “Elektron hökumət”in vətəndaş üçün bir üstünlüyü də odur ki, vətəndaş internet vasitəsilə xidmətlərdən istifadə edir, bürokratik əngəllər aradan qalxır və artıq saatlarla növbə gözləmir. Şəffaflığın təmin olunmasına yardım edən elektron xidmətlərdən region sakinləri, paytaxta nisbətən daha az yararlana bilir.
 
Bunun əsas səbəblərindən biri onların elektron xidmətlərə çıxış imkanlarının olmamasıdırsa, digər səbəb xidmətdən istifadə ilə bağlı bilgisizlikdir.
 
 
Regional İnsan Hüquqları və Media Mərkəzi region sakinlərinin elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılması məqsədi ilə 6 rayonda seminar keçirib. Naftalan, Bərdə, Goranboy, Tərtər, Yevlax və Ağdam rayonlarında keçirilən seminarlarda 208 nəfər iştirak edib.  
 
 
Keçirilən seminarların məqsədi ilə bağlı məlumat verən Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bildirib ki, «Elektron hökumət»in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə  köməkliklərin göstərilməsi» layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
 
 
X.Kazımov bildirib ki, bu gün geniş tətbiq olunan «Elektron hökumət»in vətəndaş üçün bir sıra üstünlüyü var:
 
“Yaradılan xidmətlər həm də vətəndaşlara  problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompüter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda əhalinin elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılmasına ehtiyac var. Bizim də məqsədimiz odur ki, region sakinlərinə respublikamızda ayrı-ayrı dövlət qurumlarının «Elektron hökumət” portalı və öz internet səhifələri vasitəsilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı ətraflı məlumat verək”.
 
 
Daha sonra məruzə ilə çıxış edən ekspert Ələsgər Məmmədli ayrı-ayrı dövlət qurumlarının «Elektron hökumət” portalı və öz internet səhifələri vasitəsilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı iştirakçılara ətraflı məlumat verib:
 
 “Artıq orta məktəbin I sinfinə qəbuldan başlamış, şəxsiyyət vəsiqələrinin alınması, daşınmaz əmlakın rəsmiləşdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınması, vergi və sosial ödənişlərə görə hesabatların verilməsi, kommunal xidmətlərin ödənilməsinədək elektron xidmətlər göstərilir. İndiyədək 455 elektron xidmət təsdiq edilib və 340 xidmət «Elektron hökumət» portalına (www.e-gov.az) inteqrasiya olunub. Dövlət qurumlarının saytlarında 507 elektron xidmət göstərilir. «Elektron hökumət» portalı vasitəsi ilə  431 elektron xidmət göstərilir. Bu xidmətlərin çoxu əhalinin rahatlığına və daha səmərəli xidmət almasına hesablanıb”.
 
 
Daha sonra Ə.Məmmədli «Elektron hökumət» portalında qeydiyyat proseduru və elektron xidmətlərdən istifadə qaydalarını əyani şəkildə iştirakçılara göstərdi. Həmçinin, mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
 
 
Qeyd edək ki, seminar iştirakçılarına, həmçinin tədbir keçirilən rayon sakinlərinə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən hazırlanan «Elektron hökumət»dən sən də yararlan!” adlı buklet paylanılıb.
 
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024