12px13px15px17px
Tarix:18/11/15

Prezident İlham Əliyev: “Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılmışdır”

Türkiyənin Antalya şəhərində keçirilən “Böyük İyirmiliyin” (G20) üzvü olan dövlət və hökumət başçılarının Sammiti ilə bağlı xüsusi nəşr buraxılıb. Xüsusi nəşrdə Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ümumi strategiyanın formalaşdırılması” məqaləsi dərc olunub. Məqalə “G-20”-nin saytında da yerləşdirilib.
 
 
Məqalənin “Şaxələndirilmiş iqtisadiyyat” hissəsində qeyd olunur ki, öz enerji təhlükəsizliyinə nail olan Azərbaycan bu gün başqa ölkələrin etibarlı enerji təminatında mühüm rol oynayır. Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.
 
 
“Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 12 ildə Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlmiş və 2015-ci ilin səkkiz ayının göstəricilərinə görə 68,4 faizə çatmışdır. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir. 2003-cü ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil etmişdir. İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilmiş, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılmışdır. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılmışdır”.
 
 
Məqalənin “Vacib istiqamətlər...” bölməsində qeyd olunur ki, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, investorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara əlverişli iş şəraitinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, ölkə iqtisadiyyatında özəl sektorun payı 82 faizə yüksəlib.
 
 
“Azərbaycanda bütün tədbirlər dünya iqtisadiyyatının inkişaf meyilləri nəzərə alınmaqla, konkret proqramlar əsasında və müasir texnologiyalar tətbiq olunmaqla gerçəkləşdirilir. Ölkəmiz həm dünyadakı mövcud innovasiyaları mənimsəyir, həm də ayrı-ayrı sahələri əhatə edən yeniliklərin təşəbbüskarı kimi çıxış edir. Bu mənada Azərbaycanın “brendi” olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan “ASAN xidmət” mərkəzlərini xüsusi qeyd etmək lazımdır. “ASAN xidmət” dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın, ictimai xidmətlərin mütərəqqi modelidir və bürokratik əngəllərin, mümkün korrupsiya hallarının aradan qaldırılmasına olduqca müsbət təsir göstərir. Hazırda “ASAN xidmət” nümunəsi digər ölkələr tərəfindən də yaxından öyrənilir və bu təcrübə geniş yayılır” – deyə məqalədə vurğulanıb.
 
 
Məqalənin tam mətnini buradan  əldə etmək olar.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Dekabr 2024

24 12 2024