12px13px15px17px
Tarix:30/11/15

30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü artıq 27 ildir ki, bütün dünyada qeyd olunur.
 
 
Məqsəd kompüterdə saxlanılan informasiyanın təhlükəsizliyinin təmini, bu sahədə mövcud olan müxtəlif problemlərin həllinin önəmliyini istifadəçilərin, proqram vasitələri istehsalçılarının, o cümlədən ictimaiyyətin diqqətinə çatdırmaqdır.
 
 
1988-ci il noyabr ayının 30-da “Morris soxulcanı” adlanan ilk kompüter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla, «ARPANET»-in minlərlə qovşağının fəaliyyətini iflic vəziyyətinə salmışdı.
 
İlk kompüter virusunun vurduğu ziyan isə təxminən 100 milyon dollar dəyərində qiymətləndirilib. Bu hadisə bəşəriyyətin kompüter təhlükəsizliyi haqda təsəvvürlərini tamamilə dəyişdi. Məhz həmin vaxtda mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələlərinə kompleks yanaşmanın zəruriliyi haqda ciddi düşünməyə başlayıblar.
 
 
Müəllifinin adı ilə adlandırılan bu virusun yaradıcısı – Robert Morris proqramın kodunun məxfi saxlanılmasına nail olduğu üçün onun bu işdə əli olduğunu çətin ki, kimsə sübut edə bilərdi. Onun məqsədi isə sırf tədqiqat xarakteri daşıyırdı. Morris yaratdığı proqramın davamlığını təcrübədən keçirmək istəyirdi. Onun atası – Milli Təhlükəsizlik Agentliyinin kompüter üzrə eksperti hesab edirdi ki, oğlu tutduğu əməlini etiraf etməlidir. R.Morrisi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Lakin məhkəmə Kornell Universitetinin “Hesablama texnikası” fakültəsinin aspirantına güzəşt edərək, “alim”ə üç il şərti cəza kəsmişdi.
 
 
Həmin ildə Kompüter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü («Computer Security Day») elan edib. Hər il ənənəvi olaraq bu assosiasiyanın təşəbbüsü ilə informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.
 
 
Emil Hüseynov




Baxış sayı: 844

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024