12px13px15px17px
Tarix:03/03/16

Milli Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşları nüvə texnologiyaları üzrə beynəlxalq təlim kursunda iştirak ediblər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşları  Almaniyada "Nüvə materiallarının qamma spektrometriyası" mövzusunda təşkil edilən beynəlxalq təlim kursunda iştirak ediblər.
 
Nüvə materiallarının yüksək ayırdetmə qabiliyyətinə malik qamma spektrometriya metodu ilə hərtərəfli ekspertizasının keçirilməsi məqsədi daşıyan təlim kursu Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) nüvə və radioaktiv materialların analizi ilə məşğul olan  ekspertləri üçün təşkil edilib.
 
Kurslar Ukraynanın Elm və Texnologiyalar Mərkəzi tərəfindən maliyyələşdirilən "Nüvə Ekspertizası üçün Regional Şəbəkənin Yaradılması" layihəsi çərçivəsində həyata keçirilib.
 
Almaniyanın Karlsruhe şəhərində yerləşən Avropa Birliyinin Birgə Elmi Mərkəzinin Transuran Elementləri İnstitutunda baş tutan təlim zamanı ekspertlər nüvə materiallarının aktivliyi, izotop tərkibini, nüvə yanacaqlarının  zənginləşmə dərəcəsini aşkarlamaq üçün dünyanın qabaqcıl nüvə mərkəzlərində istifadə edilən müasir spektrometrik avadanlıqların,  proqram təminatlarının imkanları ilə təlim iştirakçılarını nəzəri və praktik olaraq tanış ediblər.
 
Təlim müddətində aşağıdakı mövzularda təqdimatlar keçirilib:
 
* qamma şüalanmasının yaranma mənşəyi, nüvə keçidləri
* qamma şüalanmasının mühitlə qarşılıqlı təsiri haqqında nəzəri biliklər,
* qamma şüalanmasının detektə olunması üçün müxtəlif ayırdetmə imkanına malik cihazlar,
* planar və koksial formalı yüksək təmizlikli germanium detektorları əsaslı qamma spektrometrlərin quruluşu, iş prinsipi, effektivliyi və ayırdetmə imkanları,
* nüvə materiallarının qeyri-leqal yollarla tranziti zamanı istifadə olunan spektral maniyə hesabına maskalanmanın aşkar edilməsinin incəlikləri,
* Nüvə Forensikasında (kriminalistika) istifadə olunan spektrometrlər və proqram təminatları; MGA, MGAU, MGA++, FRAM, IGA, Spectraline
 
Təlimin 5 günü ərzində müxtəlif zənginləşmə və reaktorda yanma dərəcəsinə malik nüvə yanacaqlarının (uran, plutonium və MOX) izotop tərkibinin, zənginləşmə dərəcəsini aşkarlamaq üsul və metodologiyası barədə praktiki məşğələlər də keçirilib.
 
Təlim kursunun sonunda nüvə materialının kateqorizasiyasını həyata keçirən iştirakçılara sertifikatlar təqdim edilib.




Baxış sayı: 1207

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024