12px13px15px17px
Tarix:06/04/16

Optik-lif infrastrukturuna kapital qoyuluşu 144 milyard dolları ötəcək

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) informasiya-kommunikasiya texnologiyaları sahəsində qlobal tənzimləmə haqqında “Telekommunikasiyada islahatlar tendensiyası - 2016” illik hesabatının son nəşrində müasir İKT tənzimləmə orqanlarının xidmətlərin genişlənməsi, platformaların konvergensiyası və şəbəkə operatorlarının öz infrastrukturlarını yeni nəsil informasiya tutumlu texnologiyalara, o cümlədən “5G” mobil şəbəkəsinə və “Əşyalar interneti” (IoT) texnologiyalarına keçidə hazırlıqla bağlı qarşılaşdıqları problem və imkanlar göstərilir və təhlil edilir. 

“ICTnews” Elektron Xəbər Xidməti BTİ-nin saytına istinadən yazır ki, hesabata dünyanın aparıcı ekspertlərinin İKT sahəsində tənzimləyici orqanlar, analitiklər və texnologiyalar ilə bağlı məsələləri işıqlandıran jurnalistlər üçün İKT sahəsi iştirakçılarının və istehlakçıların qarşılaşdıqları problemləri daha dərindən anlamağa kömək üçün analitik materiallar daxildir.

“Rəqəmli imkanlara nail olmaq üçün tənzimləyici stimullardan istifadə” mövzusunda hesabatda texnologiyalarla bağlı bazarın artımını stimullaşdırmaqla istehlakçıların hüququnu təmin edən və yeni bazar iştirakçılarının yaranmasına xidmət edən elastik, yumşaq və neytral tənzimləmə prinsiplərinin artmaqda olan əhəmiyyəti qeyd olunur.

BTİ-nin baş katibi Houlin Çjao bildirib ki, hazırda informasiya-kommunikasiya texnologiyaları hər yerdə yayılıb və dünyaya dayanıqlı inkişaf sahəsində 17 məqsədə çatmaqda kömək üçün əsas rol oynayacaq. İKT sahəsində tənzimləyici orqanların İKT-nin artımı və inkişafı üçün əlverişli şəraitin yaradılmasında rolu heç vaxt indiki kimi vacib olmayıb. 

“Telekommunikasiyada islahatlar tendensiyası - 2016” illik hesabatı dünyanın tənzimləyici orqanlarına öz milli bazarlarında düzgün siyasət aparmağa kömək edir”, - baş katib vurğulayıb.
 
Hesabatın 2016-cı il nəşrinin əsas nəticələri:

• 2014−2019-cu illərdə optik-lif infrastrukturuna kapital qoyuluşunun ümumilikdə 144,2 milyard ABŞ dollarını ötəcəyi gözlənilir.

• Dünyada 40-dan çox operator “LTE-A” şəbəkəsini qurmağa başlayıb və ya qurmağı planlaşdırır; Bu operatorların 88 faizi inkişaf etmiş bazarlarda fəaliyyət göstərir.

• İstehlakçılar tərəfindən məlumatlardan istifadənin artması “Wi-Fi” şəbəkəsinə investisiyaların çoxalmasına səbəb ola bilər.

• Mövcud operatorların, yeni bazar iştirakçılarının və maliyyələşdirmə təşkilatlarının sayının artması genişzolaqlı rabitə şəbəkəsində investisiyalar üçün alternativ maliyyələşmə yanaşmalarının hazırlanması ilə nəticələnir.

• Genişzolaqlı rabitə şəbəkəsi infrastrukturuna investisiyalar, həmçinin sığorta fondları və ya adətən telekommunikasiya infrastrukturuna investisiya yatırmayan korporasiyalar kimi gözlənilməz müəssisələrdən daxil olur.
 
 
Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır. 

Nizam Nuriyev 




Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024