12px13px15px17px
Tarix:17/05/17

17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 may bütün dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Bu ümumbəşəri tarixin qeyd olunması Beynəlxalq Teleqraf  İttifaqının əsasının qoyulması ilə bağlıdır. Hazırda bu qurum Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanır.

 

2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.

 

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına 17 may tarixinin "Beynəlxalq İnformasiya Cəmiyyəti Günü" elan edilməsi ilə bağlı müraciət qəbul edilib və 27 mart 2006-cı ildə 17 may tarixi "Beynəlxalq İnformasiya Günü" elan edilib.

 

Daha sonra, Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ilin noyabrında 17 may tarixini "Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü" kimi qeyd etməklə bağlı qərar qəbul edib.

 

Ənənəvi olaraq BMT və BTİ baş katibləri bu gün ilə əlaqədar illik müraciətlə çıxış edirlər.

 

Artıq uzun illərdir ki, beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində 17 may tarixi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alır.

 

Bu günün əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi, eyni zamanda rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

 

Bu gün üçün  hər il bir mövzu müəyyən olunur. 2017-ci il üzrə "Böyük təsir üçün böyük həcmli verilənlər" mövzusu seçilib.  

 

Mövzunun məqsədi əsas diqqəti iritutumlu məlumatların potensialına və praktiki dəyərə malik natamam, mürəkkəb məlumatların informasiyaya çevrilməsi yolunun axtarışına yönəltməkdir.

 

Eyni zamanda, mövzu inkişaf etməkdə olan ölkələrdə  gənc novator və sahibkarların, kiçik və orta müəssisələrin, startap və texnoloji mərkəzlərin dayanıqlı inkişaf üzrə beynəlxalq məqsədlərə nail olması üçün fəaliyyətinin sürətləndirilməsini əhatə edir.

 

Azərbaycanın BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi - Beynəlxalq Telekommunikasiya İttifaqı ilə münasibətlərini yüksək səviyyədə həyata keçirməkdədir.

 

Ölkəmiz 1992-ci ildən bu təşkilatın üzvüdür.

 

Bu gün ölkəmizdə dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.

 

İKT sahəsində nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" təsdiq edilib. Həmin strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul olunmuş dövlət proqramları, əldə olunmuş nəticələr, informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır.

 

Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. 





Baxış sayı: 552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024