12px13px15px17px
Tarix:27/03/18

Bu il “Əşyalar interneti” sahəsində təhlükəsizlik üçün xərclər 28 faiz artacaq

“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada “Əşyalar interneti” (Internet of Things, IoT) sahəsində informasiya təhlükəsizliyinin təmini üçün xərclərin 28 faiz artacağını proqnozlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2017-ci ildə şirkətlər tərəfindən “IoT” sistemlərinin mühafizəsinə təxminən 1,2 milyard dollar sərf olunub, cari ildə bu göstəricinin 1,5 milyard dollara çatacağı gözlənilir. Növbəti üç ildə xərclərin müvafiq olaraq 1,9, 2,5 və 3,1 milyard dollara bərabər olacağı proqnozlaşdırılır.
 
Öz növbəsində “International Data Corporation” (IDC) tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə “Əşyalar interneti” sahəsində avadanlıq, servis, proqram təminatı və kommunikasiya texnologiyalarının qlobal satış həcmi 800 milyard dolları ötüb. 2021-ci ilədək bazarın həcmi 1,4 trilyon dollara çata bilər.
 
Proqnoza görə, cari ildə “IoT” investisiyalarının əksər hissəsi (189 milyard dollara yaxın) istehsal sektorunun payına düşəcək. Nəqliyyat daşımaları və kommunal xidmətlər seqmentlərində xərclər müvafiq olaraq 85 və 73 milyard dollara bərabər olacaq. Böyüklüyünə görə dördüncü “IoT” sektoru 62 milyard dollarlıq nəticə ilə istehlak sektoru olacaq. Sektorun 2021-ci ilədək illik 21 faiz artım sayəsində liderlər üçlüyünə daxil olacağı ehtimal edilir. Mütəxəssislərin sözlərinə görə, insanlar “Əşyalar interneti”ndən daha çox “ağıllı” ev sistemlərinin yaradılması üçün istifadə edirlər.
 
Həmçinin “Gartner” şirkəti qeyd edir ki, “Əşyalar interneti” sistemlərinə hücumlar reallığa çevrilib. Bu yaxınlarda analitiklər tərəfindən keçirilən sorğudan məlum olub ki, son üç ildə şirkətlərin təxminən 20 faizi azı bir “IoT” hücumuna məruz qalıb.
 
Bildirilir ki, lakin əksər təşkilatlar hələ də “IoT” təhlükəsizliyini prioritet vəzifələr siyahısına daxil etmir və kibermühafizə üçün qabaqcıl alətlər tətbiq etmirlər. Belə vəziyyətin 2020-ci ilədək davam edəcəyi proqnozlaşdırılır.
 
Nizam Nuriyev





Baxış sayı: 510

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024