12px13px15px17px
Tarix:06/06/18

Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri,  Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi  Vaqif Sadıqovun iştirakı ilə startap ideyalarının müəllif hüquqlarının təmin olunması müzakirə olunub.
 
Görüşdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi, yüksək texnologiyalar və innovasiyalar sahəsində müəllif hüquqlarının təmin olunması, innovativ startap ideyalarının patentləşdirilməsi və ticarət nişanına çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Daha sonra uğurlu startap layihələrinin müəlliflərinin iştirakı ilə geniştərkibli görüş keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan və Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzinin rezidenti olan startapçıların iştirak etdiyi görüşdə qabaqcıl texnoloji yeniliklərin patentləşdirilməsinin vacibliyi qeyd edilib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərildiyini qeyd edib.
 
Nazir bildirib ki, bunun nəticəsi olaraq, son illərdə Azərbaycanın startap ekosistemi daha da inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb.
 
"İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi qrant müsabiqələrində 100-dən artıq layihə dövlət tərəfindən maliyyələşdirilib. Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində rezident olan startapçılar üçün münbit şərait yaradılıb.  Hazırda ölkədə mövcud ekosistemin inkişafı üçün bir sıra işlər aparılır ki, biznesə çevriləcək ideyaların patentləşdirilməsi də bu prosesin vacib tərkib hissəsidir" - deyə nazir qeyd edib.
 
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri bildirib ki, bu gün dünyada startap ideyalarının patentləşdirilməsi öz aktuallığını saxlayır. Baş direktor yeni ideyaların müəllif hüququnun əldə edilməsinin layihə müəlliflərinə beynəlxalq bazarda əlavə dividentlər qazandırdığını qeyd edib. O bu sahədə fəaliyyət göstərən azərbaycanlı startapçılara ideyalarını patentləşdirmək, onu ticarət nişanına çevirmək üçün rəhbəri olduğu təşkilat tərəfindən dəstək göstərilə biləcəyini də qeyd edib.
 
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov isə startapçılara öz layihələrini qeydiyyatdan keçirməyi tövsiyə edib. Bu işdə zəruri texniki dəstəyə hazır olduqlarını bildirən K.İmanov bir neçə startap layihəsinin Agentlik tərəfindən patentləşdirildiyini də diqqətə çatdırıb.
 
Daha sonra startapçıların bu sahədə üzləşdiyi problemlərlə bağlı layihə müəlliflərinin rəy və təklifləri dinlənib və müvafiq tövsiyələr verilib.









Baxış sayı: 875

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Noyabr 2024

06 11 2024