12px13px15px17px
Tarix:11/07/18

Azərbaycanda elektron ticarətin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakıda "Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda "dəyirmi masa" keçirilib.
 
Tədbir NRYTN və Aİ tərəfindən 2017-ci ildən reallaşan "Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi" layihəsi çərçivəsində baş tutub.
 
"Dəyirmi masa"nın məqsədi milli elektron ticarətin inkişafı istiqamətində müxtəlif dövlət qurumlarının səylərini birləşdirəcək platforma təklif etmək, elektron ticarət sahəsində kiçik və orta sahibkarların üzləşdiyi mövcud maneələri və fəaliyyət məhdudiyyətlərini müzakirə edərək təkliflər hazırlamaqdır.
 
Dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorun nümayəndələrinin iştirak etdiyi tədbir "E-kommersiya biznesinin (təchizat zənciri, logistika və s.) inkişafı məqsədilə kiçik və orta sahibkarlığa dövlət dəstəyi", "E-kommersiya biznesi qurarkən kiçik və orta sahibkarların üzləşdiyi mövcud maneələr, fəaliyyət məhdudiyyətləri və bu maneələrin aradan qaldırılması yolları", "E-kommersiya sahəsində qabaqcıl beynəlxalq təcrübə" kimi mövzuları əhatə edib. "Dəyirmi masa"da, həmçinin "Bakı E-kommersiya Forumu-2018" layihəsinin təqdimatı keçirilib.
 
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə son illərdə qlobal iqtisadi çağırışlara uyğun genişmiqyaslı iqtisadi islahatların aparılmasından söz açıb. O qeyd edib ki, ölkədə aparılan məqsədyönlü siyasət biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması ilə nəticələnib. Nazir bildirib ki, sahibkarlıq siyasətinə dair vahid yanaşmanın, innovasiyaların, beynəlxalq standartların daha geniş tətbiqi, ixrac bazarlarının araşdırılmasında dövlət dəstəyinin artırılması və digər dəstək mexanizmlərinin genişləndirilməsi ölkədə sahibkarlığın inkişafına böyük təkan verib.

R.Quluzadə əlavə edib ki, iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir: "Son illərdə ölkədə elektron ticarət sürətlə inkişaf edir. 2016-cı ildə Azərbaycanda pərakəndə elektron kommersiya dövriyyəsi 25 613 000 manat, 2017-ci ildə isə 46 227 000 manat olub. Hazırda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) B2C elektron kommersiya indeksində Azərbaycan 144 ölkə arasında 68-ci yerdədir" - deyə nazir qeyd edib. 
 
Nazir məlumat verib ki, "Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən "Azərbaycan Rəqəmsal Ticarət Qovşağı" yaradılıb.
 
R.Quluzadə Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqeyin beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açdığını vurğulayıb. Onun sözlərinə görə, bu imkanlardan istifadə edərək hazırda Azərbaycan Poçtu ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərir.
 
Daha sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edib. Azərbaycanın Aİ üçün vacib partnyor olduğunu qeyd edən səfir bu əməkdaşlığın 20 ildən artıq davam etdiyini bildirib. Elektron kommersiya sahəsində ölkəmizin bir çox nailiyyətlər əldə etdiyini də deyən K.Yankauskas Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi üçün regional və coğrafi üstünlüyə malik olmasını vurğulayıb: "Dünyanın qloballaşması texnologiyaların paylaşmasını zəruri edir və bu gün bütün dünyada xidmətlər rəqəmsallaşır. Azərbaycan da bu açıq rəqabətə girməlidir. Bu baxımdan, "Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi" layihəsi çox vacibdir. Artıq iki ildir ki, həyata keçirilən bu layihə çərçivəsində xeyli nailiyyətlər əldə olunub və biz bundan sonra da ən yaxşı təcrübələri Azərbaycana gətirməyə hazırıq".
 
Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini İqbal Babayev isə çıxışında bu sahənin inkişafında rast gəlinən problemlərə toxunub: "Azərbaycanda  elektron ticarət dinamik inkişaf edir. Amma dünya ticarəti ilə nisbətdə Azərbaycanın ticarət dövriyyəsində hələ də yaxşı nəticələr yoxdur. Elektron ticarət - elektron platforma, elektron ödəniş sistemləri və loqistika kimi 3 əsas meyar üzərindən inkişaf edir ki, yaranan problemlər də əsas elektron ödəniş sistemləri ilə bağlıdır." İ.Babayev əlavə edib ki, bazarın qloballaşması, ticarət zəncirinin, eyni zamanda bununla bağlı prosedurların mürəkkəbləşməsi gömrük sahəsində də dəyişiklikləri tələb edir. Gələcəyin elektron kommersiya üzərində qurulduğunu  diqqətə çatdıran gömrük rəsmisi bu sahədə ümumi maarifləndirmə tədbirlərinin genişləndirilməsini də vacib sayıb.
 
Daha sonra BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) İKT siyasəti şöbəsinin müdiri, UNCTAD-ın İKT, e-kommersiya və rəqəmsal iqtisadiyyat sahələri üzrə məsul şəxsi Torbyorn Fredriksson çıxış edib. Dünya iqtisadiyyatının sürətlə rəqəmsallaşmasını vurğulayan BMT rəsmisi iqtisadiyyatın bir qolu olan elektron kommersiyanın transformasiya xarakteri daşıdığını nəzərə çatdırıb: "Bu sahə böyük və kiçik bizneslər kimi, dövlətlərə də faydaları ilə yanaşı, problemlər  gətirir. Təbii ki, elektron ticarətin inkişafı ilə qazananlar və uduzanlar da olacaq Təsadüfi deyil ki, BMT-də "Elektron kommersiya və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu yaradılıb".
 
Çıxışlardan sonra isə "Azərbaycanda elektron ticarətin inkişafının əsas meyarları", "Elektron kommersiya istifadə olunmayan potensialdır" kimi mövzularda məruzələr dinlənilib və özəl sektor nümayəndələrinin fəal iştirakı ilə fikir mübadiləsi aparılıb. Ölkədaxili elektron ticarətlə məşğul olan sahibkarların mövcud vəziyyətlə bağlı fikirləri və təklifləri dinlənilib. Özəl sektoru təmsil edən iştirakçılar elektron ticarətin inkişafı ilə bağlı mövcud problemlər və çətinliklər barəsində danışıb və onların aradan qaldırılması üçün dövlət qurumları tərəfindən müvafiq addımların atılmasını təklif ediblər.
  
Tədbir hazırda "Elektron kommersiyanın inkişafında dövlətin rolu", "Elektron kommersiyanın inkişafında dövlət və özəl sektor əməkdaşlığı", "Elektron kommersiyanın inkişafı üzrə təşəbbüslər" adlı sessiyalar üzrə işini davam etdirir.




Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024