“İdeyadan Biznesə” startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib
Bu gün Naxçıvan şəhərində "İdeyadan Biznesə" layihəsi çərçivəsində cari il üzrə sonuncu startap turu keçirilib.
Naxçıvan Dövlət Universitetində baş tutan tədbirdə 150-dək tələbə iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, universitetin tələbə-müəllim heyəti və media nümayəndələri iştirak edib.
Tədbirdə məlumat verilib ki, startap hərəkatının genişləndirilməsinə, vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə startap turları Mingəçevir, Lənkəran, Quba, Sumqayıt, Şəki, Gəncə və Bakı şəhərlərində keçirilib. Sözügedən şəhərlərin hər birinə səfərlər təşkil olunub, informativ sessiya, interaktiv təqdimatlar, müxtəlif mövzuları əhatə edən təlimlər, müsabiqələr keçirilib və qaliblər müəyyənləşib.
Bildirilib ki, startap turları regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap komandalarının, eləcə də ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradıb.
Naxçıvan Dövlət Universitetinin nümayəndəsi Əşrəf Ələkbərov bildirib ki, Naxçıvan Dövlət Universitetində "Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi çərçivəsində elektron təhsil, onlayn sənəd dövriyyəsi, akademik idarəetmə və s. kimi təhsilin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet formalaşdırılıb.
O qeyd edib ki, 2014-cü ildə Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatı tərəfindən "Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi" layihəsi üzrə Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil müəssisələri içərisində birinci yerə layiq görülüb.
Daha sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Tahir Məmmədov innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ölkəmizdə aparılan dövlət siyasətindən, bu sahəyə cavabdeh qurum kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sektorun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən danışıb. O, bilik tutumlu iqtisadiyyatın formalaşdırılmasında İKT sektorunun xüsusi rolu olduğunu qeyd edib. Nazirin müşaviri sahənin, eləcə də, startap hərəkatının inkişafı üçün ölkəmizdə zəruri ekosistemin formalaşdırıldığını vurğulayıb. O, artıq respublikamızın bir neçə ali təhsil müəssisəsində İnkubasiya mərkəzlərinin yaradıldığını və növbəti İnkubasiya Mərkəzinin Naxçıvan Dövlət Universitetinin nəzdində yaradıla biləcəyini diqqətə çatdırıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndəsi Əkbər Abbasov Fondun fəaliyyəti barədə təqdimatla çıxış edib. O bildirib ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu oktyabr ayında növbəti qrant müsabiqəsi elan edəcək. Ə.Abbasov innovativ ideyası olan startap layihələrinin bu qrant müsabiqəsinə müraciət edə biləcəyini qeyd edib.
Tədbirin interaktiv hissəsində Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "Sentra" MMC-nin nümayəndələri tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.
İnteraktiv hissədən sonra ideyası olan iştirakçılardan ibarət 9 komanda formalaşdırılıb və komandalar peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb.
Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda rəhbərlərinin təqdimatlarından sonra sual-cavab və layihənin müzakirəsi baş tutub.
Mütəxəssislərdən ibarət münsiflər Naxçıvan şəhəri üzrə ilk üç yerin qalibini müəyyənləşdiriblər. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq "Noahland", "Nads", "Nakh Book House" layihələri layiq görülüb.
Beləliklə, tədbirin yekununda qaliblər mükafatlandırılaraq, Bakıda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində təşkil ediləcək "İnnovasiyalar həftəsi" çərçivəsində Milli Finala dəvət olunublar. Qeyd edək ki, Milli Final 26 oktyabrda Heydər Əliyev Mərkəzində keçiriləcək.
Milli Finalda qalib gələcək layihə sahibləri isə 4-7 dekabr tarixlərində təşkil ediləcək 24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.
Bununla da "İdeyadan Biznesə" startap turunun qaliblərinin sayı 24 olub. Ümumilikdə startap turlarına 1000-dən çox iştirakçı qatılıb.
Xatırladaq ki, Mingəçevir, Lənkəran, Quba, Sumqayıt, Şəki, Gəncə və son olaraq Naxçıvan şəhəri üzrə ən uğurlu startap layihələri müəyyənləşib.
Qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.
Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "Microsoft" şirkəti ilə birgə həyata keçirilən "İdeyadan Biznesə" layihəsinin tərəfdaşı "Azercell" şirkətidir. Layihənin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulub.
Baxış sayı: 1459
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır