12px13px15px17px
Tarix:05/11/11

Azərbaycanın İT şirkəti ayın sonunadək Qırğızıstanın vergi sistemində elektron hökumətin əsas modullarını tətbiq edəcək

Azərbaycanın SİNAM şirkəti cari ilin noyabr ayının sonunadək Qırğızıstanın Dövlət Vergi Xidmətində (DVX) inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin yaradılması cərçivəsində elektron hökumətin əsas modullarını tətbiq etməyi planlaşdırır.

Şirkətdən verilən məlumata görə, proqram təminatının tətbiqi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən "Vergi inzibatçılığında islahat və modernləşdirmə" layihəsi çərçivəsində həyata keçirilir.

"Gəlirlərin uçotu və bəyannamələrin emalı" modulu inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin ən mühüm moduludur.

Həmin modul bütün modulları vahid və inteqrasiya edilmiş sistemə birləşdirir, xarici mənbələrdən gələn məlumatları emal edir və vergi sisteminin gəlirlərinin uçotu sistemini tamamilə əhatə edir. Modul ödəniş sənədlərinin, bəyannamələrin və vergi sisteminin digər sənədlərinin tam emalını əhatə edən bir neçə altmodullardan ibarətdir.

Müxtəlif mənbələrdən toplanılmış məlumat, vergi öhdəliyi və hesaba daxilolmalar tutuşdurulub yoxlanılır və Qırğızıstan Respublikasının Vergi Kodeksi əsasında hesablanır. Hesablama nəticələri ümumi məlumat tablosunda - vergi ödəyicisinin şəxsi hesab kartında göstərilir.

Vergi ödəyicisinin şəxsi hesab kartı vergi ödəyicisinə hər bir vergi qoyma prosesini istənilən vaxt periodunda təsvir edir. Bundan əlavə, noyabrın sonunadək "Vergi ödəyicisinin qeydiyyatı", "Audit", "Vergi borcunun alınması" və "Hesabatlar" modullarının tam tətbiqi gözlənilir.

İnteqrasiya olunmuş vergi inzibatçılığı sistemi Qırğızıstan Dövlət Vergi Xidmətinin Mərkəzi Aparatında və ölkənin rayon müfəttişliklərində tətbiq olunur. Tətbiq edilən sistem 11 moduldan ibarətdir. Hər bir modul bir istiqamət üzrə yüksək funksionallığı təmin edəcək. Hazırda səkkiz modul üzrə test işləri uğurla yekunlaşıb.

Yaxın zamanda hazır səkkiz modulun üç seçilmiş inzibati rayonda pilot tətbiqi gözlənilir. Gələcəkdə azərbaycanlı İT-mütəxəssislər Qırğızıstanın Dövlət Vergi Xidmətinin icra qrupunu hazırlaşdıracaq ki, həmin qrup da modulları ölkənin digər inzibati rayonlarında müstəqil qaydada tətbiq edəcək.

Qeyd etmək lazımdır ki, SİNAM şirkəti elektron hökumətin tətbiqi sahəsində regionun aparıcı sistem inteqratorlarından biridir. Şirkət Azərbaycanda elektron hökumət sahəsində onlarla müxtəlif mürəkkəb layihələri müvəffəqiyyətlə həyata keçirib.

Bundan əlavə, SİNAM şirkəti region ölkələrində informasiya texnologiyaları, o cümlədən İKT-nin dövlət idarəçiliyi sistemində tətbiqi sahəsində keçirilən tenderlərin fəal iştirakçısıdır.



Baxış sayı: 1197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024