12px13px15px17px
Tarix:05/11/11

“Təhsildə informasiya texnologiyalarının tətbiqi” mövzusuna həsr olunmuş seminar keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Müəllimlər İnstitutunun təşəbbüsü ilə “Təhsildə informasiya texnologiyalarının tətbiqi” mövzusuna həsr olunmuş seminar keçirilib. Tədbirdə respublika üzrə ali təhsil müəssisələrinin müəllimləri iştirak edibilər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev öncə institutun yaranma tarixi, ölkəmizdə İKT-nin, informatika elminin inkişafı istiqamətində həyata keçirilən tədbir və layihələr, qəbul edilən dövlət proqramları haqqında məlumat verib.

Cari ildə İTİ-nin yaranmasının 40-cı ildönümünün olduğunu qeyd edən alim Azərbaycanda ilk dəfə İnternetə çıxışın da bu institutda həyata keçirildiyini bildirdi. İnternetin milli infrastrukturunun inkişafı istiqamətində aparılan işlərdən danışan alim respublikamızda formalaşmaqda olan e-elmin şəbəkə platforması olan AzScienceNet-in fəaliyyətindən söhbət açıb.

AzScienceNet-in yalnız e-xidmətlər deyil, eduroam, cloud, grid-computing və kontent provayding kimi xidmətlərin də göstərilməsinin nəzərdə tutulduğunu bildirib.

İnstitut direktoru müasir dövrdə spam, virus, informasiya təhlükəsizliyi məsələlərinin qlobal problemlər olduğunu qeyd edərək institutda İnternetin elmi-nəzəri əsaslarının tədqiqi ilə bağlı mühüm işlərin aparıldığını bildirib.

İnternetin inkişafı, keyfiyyət göstəricilərinin monitorinqi, şəbəkədə yaranan təhlükələrin qarşısının alınması üçün tədbirlərin görülməsinin mühüm məsələlərdən olduğunu bildirən məruzəçi İTİ-də aparılan işlərdən danışıb. Alim İTİ-də aparılan elmi-tədqiqat işlərinin, əldə edilən elmi nəticələrin Thomson Reuter Agency-nin istinad indeksli jurnallarında da öz əksini tapdığını bildirərək bunun mühüm göstərici olduğunu vurğulayıb.

İTİ-də “İnformasiya cəmiyyəti problemləri" şöbəsinin fəaliyyət göstərdiyini bildirən alim 2008-ci ildə institutun BDU-nun “Jurnalistika” fakültəsi ilə birgə həyata keçirdiyi “İnformasiya cəmiyyətinin əsasları” layihəsinin əhəmiyyətindən də söhbət açıb.

“Çağdaş dövrdə biliklər iqtisadiyyatı yüksək intellektual potensial tələb edir. Bu gün dünyada elm, təhsil və İT-nin inkişafına böyük maliyyə vəsaitləri yatırılır” – bildirən R.Əliquliyev əvvəlki cəmiyyətlərdən fərqli olaraq İC-nin daha intellektual cəmiyyət olduğunu bildirib: “Aqrar cəmiyyətdə fiziki qüvvə, əl alətləri, sənaye cəmiyyətində mexaniki qurğu və maşınlar əsas əmək alətləri idisə, informasiya cəmiyyətində onları kompyuter, kommunikasiya sistemləri və İnternet əvəz edir.

İnformasiya cəmiyyətinin əsas əmək aləti olan kompyuterdə fiziki imkanlarından, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin çalışa bilməsi üçün böyük texniki imkanlar mövcuddur”.

İnformasiya cəmiyyətində hər kəsin informasiya və bilik əldə etmək, mübadilə aparmaq imkanına malik olduğunu bildirən alim bütün bunlara nail olmaq üçün təhsil sisteminin qarşısında insanlarda informasiya mədəniyyətini formalaşdırmaq və inkişaf etdirmək, elektron vətəndaş yetişdirmək kimi mühüm vəzifələrin dayandığını bildirib. R.Əliquliyev bu missiyanın həyata keçirilməsində xüsusən də ali təhsil müəssisələri müəllimlərinin mühüm rol oynadığını bildirdi.

Elektron tədris texnologiyalarından istifadə bacarığının mütləq şərtlərdən olduğunu vurğulayaraq, yüksək texniki biliklərə malik müəllimlərin yetişdirilməsinin bu gün Azərbaycanın təhsil sisteminin qarşısında duran ən başlıca vəzifələrdən olduğunu qeyd etdi.

Cəmiyyətə İT üzrə innovvativ biliklərə malik, yüksək ixtisaslı, peşəkar kadrların inteqrasiya olunması, İC tələblərinin həyata keçirilməsi məqsədlərinin yeni cəmiyyətin bərqərar olmasına xidmət etdiyini söyləyib.

Qlobal dünyada cəmiyyətin informasiyalaşdırılması prosesinin getdiyini qeyd edən R.Əliquliyev dünya təhsil məkanında layiqli yer tutmaq üçün təhsil sistemində müasir informasiya texnologiyalarının tətbiqinin zəruri olduğunu bildirib.

O, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın təhsilin qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi, keyfiyyətinin yüksəldilməsi, vahid elm-təhsil məkanının formalaşdırılması, Azərbaycanın təhsil sisteminin dünyanın təhsil sisteminə inteqrasiyası məqsədlərinə xidmət etdiyini qeyd etdi. Bu gün təhsil sistemində müasir informasiya texnologiyalarının geniş tətbiqinə böyük önəm verildiyini vurğulayıb.

Təhsilin informasiyalaşdırılması problemləri ilə bağlı AMEA İTİ-də elmi tədqiqatların aparıldığını bildirən professor R.Əliquliyev araşdırmaların sosial şəbəkələr və təhsildə onların rolu, informasiya mədəniyyəti, intellektual e-dərs vəsaitlərinin işlənməsi, distant təhsil nəzəriyyələri, on-line təhsil mühitinin formalaşdırılması, ölçülməsi və menecmenti, hesablama buludlarının təhsildə tətbiqi və s. kimi elmi istiqamətləri əhatə etdiyini vurğulayıb.

Sonra R.Əliquliyev müəllimləri maraqlandıran sualları cavablandırdı. Dünyada gedən qloballaşma prosesləri, növbəti informasiya inqilabının gətirəcəyi yeniliklərdən söhbət açıldı, innovativ informasiya texnologiyalarının cəmiyyət üçün böyük əhəmiyyətə malik problemlərin həllində, müxtəlif fəaliyyət sahələrində, o cümlədən təhsil sistemində tətbiqinin bəşəriyyətin rifahına xidmət edən məsələlərdən olduğu söylənilib.



Baxış sayı: 1327

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024