12px13px15px17px
Tarix:22/11/11

Nazir Əli Abbasov İnternet İdarəçilik Forumunun təşkilatçıları ilə görüşmüşdür

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İnternet İdarəçilik Forumunun (İGF) təşkilatçıları - BMT-nin Sosial İqtisadi Məsələlər üzrə məsul şəxsi Vyaçeslav Çerkasov və İGF-nin proqram üzrə meneceri Çenqetay Masanqo ilə görüşmüşdür.

Nazir 2003-cü ildə Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti Üzrə Ümumdünya Sammitində Azərbaycanda İKT-nin inkişafı ilə əlaqədar başlıca fəaliyyət planının istiqamətlərinin müəyyənləşdirildiyini bildirmişdir.

Ə.Abbasov, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin ilk xarici səfərinin 2003-cü il dekabr ayının 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində iştirakla bağlı olduğunu xatırladaraq, sammitdə “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə ölkə başçısının milli iqtisadiyyatda yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdiyini qeyd etmişdir.

Ölkəmizin informasiya cəmiyyətinə keçid strategiyasını 16-18 noyabr 2005-ci il tarixlərində Tunisdə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin ikinci mərhələsində nümayiş etdirildiyini bildirən nazir sammitdə İKT sahəsində mühüm işlər görən, dövlət siyasəti səviyyəsində informasiya cəmiyyətini dəstəkləyən, onun əsas müddəalarını özündə əks etdirən milli strategiyanı qəbul edən azsaylı dövlətlər arasında Azərbaycanın da adının çəkildiyini xatırlatdı.

Nazir ötən müddət ərzində ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində informasiya texnologiyaları sektorunda genişmiqyaslı işlər görülərək, uğurlu nəticələr əldə olunduğunu diqqətə çatdırdı.

Ə.Abbasov növbəti forumun Azərbaycanda keçirilməsini ölkə Prezidentinin İKT sahəsinə verdiyi önəm kimi xarakterizə edərək qeyd etmişdir ki, bu tədbir Azərbaycanda İKT sahəsində görülmüş işlər və cari layihələr, o cümlədən Azərbaycan haqqında əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa imkan verəcəkdir.

Vyaçeslav Çerkasov qeyd olunan sammitdə BMT-nin sabiq Baş katibi cənab Kofi Annan tərəfindən internetin inkişafında maraqlı olan bütün tərəflər arasında siyasi dialoqun təşkili məqsədilə İnternet İdarəçilik Forumu (Internet Governance Forum) yaradıldığını bildirərək İnternet İdarəçilik Forumunun indiyədək Yunanıstanda (2006), Braziliyada (2007), Hindistanda (2008), Misirdə (2009), Litvada (2010) və Keniyada (2011) keçirildiyini qeyd etmişdir.

O bildirmişdir ki, forum dünyada internetin sabitliyinin, inkişafının və təhlükəsizliyinin təmin edilməsi üçün internetin qlobal idarə edilməsinin təkmilləşdirilməsi, idarəetmənin beynəlxalq iştiraklı mexanizminin tapılması və digər məsələləri müzakirə edir.

Tədbir ayrı-ayrı ölkələrdən hökumət, özəl və ictimai və beynəlxalq təşkilatlardan 2500-dək iştirakçını cəlb edir. V.Çerkasovun sözlərinə görə, Azərbaycanda keçirilən tədbirə də təxminən 2000-dək iştirakçının cəlb edilməsi gözlənilir.



Baxış sayı: 1495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024