12px13px15px17px
Tarix:23/06/11

Azərbaycanda istifadəçilər üçün internetin qiymətində növbəti azalma gözlənilir

Azərbaycanda internet-xidmət provayderləri üçün beynəlxalq kanalların icarə qiymətinin azaldılması onların son istifadəçi üçün təklif etdikləri qiymətlərin növbəti dəfə ucuzlaşmasına təsir edə bilər. Bu barədə Trend-ə "Delta Telecom" şirkətinin baş direktoru Ramazan Vəliyev məlumat verib.
Vəliyevin sözlərinə görə, bu, əsasən böyük həcmdə trafikdən istifadə edən istifadəçilərə şamil ediləcək. İstifadəçilər nəzərəçarpacaq fərqi 2 Mbit/saniyədən 10 və daha çox Mbit/saniyəyədək genişzolaqlı internet xidmətlərindən istifadə zamanı hiss edə biləcəklər.
Bu gün 20 manat təşkil edən 1 Mbit/saniyədə trafikin qiymətinin azaldılmasından danışmaq mümkün deyil, çünki bunu internet provayderləri özləri edə bilməzlər.
Bunun səbəbi provayderlər üçün trafikin bu həcminin fiksajlanmış (13 manat) qiymətidir. Bundan əlavə, provayderlər şəbəkədə nasazlıq baş verdiyi halda çəkməli olacaqları xərcləri də nəzərə almalıdırlar.
"Təəssüf ki, Azərbaycanda ümumi telefon şəbəkəsinin mis infrastrukturu bu gün lazımi səviyyədə deyil, bununla əlaqədar daim internet şəbəkəsinə çıxışla bağlı problemlər yaranır. Bu da internet-provayderlərin bizdə olan trafikin yalnız üçdə birindən istifadə etmələrinin səbəbidir, yəni mövcud 60 Gbit/saniyənin 20 Gbit/saniyəsindən", - Vəliyev bildirib.
"Delta Telecom" rəhbərinin fikrincə, bu vəziyyətdən çıxış internet-provayderlərin yeni texnologiyaları tətbiq etməsi ola bilər, onların tətbiqi üçün isə investisiyalar artırılmalıdır. Söhbət "Fiber to Home" texnologiyasının tətbiqindən, yəni binaların daxilində optik-lif rabitə xətlərinin çəkilişindən gedir.
"Biz naqili binanın girişinə qədər çatdırmağa hazırıq, sonrakı proses, yəni naqilin son istifadəçiyə qədər çatdırılmasını internet-xidmət provayderi öz üzərinə götürməlidir. Əgər provayderlər bu texnologiyanı tətbiq etsələr, onda onların göstərdikləri xidmətlərin maya dəyəri daha da aşağı düşəcək, rəqabət qabiliyyəti artacaq və müvafiq olaraq 1 Mbit/saniyə sürətində qoşulmalara tələbat azalacaq. Bu gün imkanlarımız bizə elə şərait yaratmağa imkan verir ki, hər bir istifadəçi xarici trafiki 30 Mbit/s-dək və daxili trafiklə 100 Mbit/s ala bilsin", - Vəliyev deyib.
İstifadəçinin aldığı sürətin provayderlərin elan etdikləri ilə tez-tez uyğun gəlməməsinə gəldikdə, bu halda Vəliyevin fikrincə, bütün günahı provayderlərin üzərinə qoymaq səhv olardı.
Bu gün provayderlər trafik həcmlərində çatışmazlıq hiss etmirlər və onlar üçün onun tədricən artırılması üçün hər cür şərait yaradılıb. İyulun 1-dən provayderlərə təklif olunan trafik daha 50 faiz artırılacaq. İnternet provayderləri son istifadəçiyə trafikin azaldılmasında maraqlı deyillər. Vəliyevin sözlərinə görə, hazırda ATS-dək iki kilometr aralıya trafikin ötürülməsi üçün naqilin diametrinin 0,66 millimetr olması lazımdır. Mis infrastrukturunun diametri isə 0,33 millimetr təşkil edir. Bu standart hələ keçmiş SSRİ dövründə qəbul edilib. Ona görə də mövcud mis infrastrukturu böyük həcmdə trafik ötürməyə imkan vermir.
"Əgər hər bir provayder öz istifadəçiləri üçün məhdudiyyətsiz trafik buraxarsa, mis naqillər fiziki baxımdan yüklənməyə tab gətirməz. Məhz buna görə də provayderlər tərəfindən optik-lif xətlərə əsaslanan yeni texnologiyaların imkanlarına baxmağa dəyər. Güman edirəm ki, yaxın iki ildə Azərbaycanda bu istiqamətdə ciddi dəyişikliklər olacaq və binaların çoxu naqil xətlərinə qoşulacaqlar", - Vəliyev bildirib.



Baxış sayı: 1946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024