12px13px15px17px
Tarix:17/01/12

DSMF tərəfindən əhaliyə interaktiv və informativ elektron xidmətlərin göstərilməsi işi təkmilləşdirilib

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə başçısının 23 may 2011-ci il tarixli fərmanının icrası olaraq Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə interaktiv və informativ elektron xidmətlərin göstərilməsi işi daha da təkmilləşdirilib.

Fondun bu sahədəki fəaliyyəti müxtəlif təşkilatlar və ekspertlərin keçirdiyi monitorinq və müsabiqələrin nəticələri üzrə xüsusi qiymətləndirilib.

Bu barədə prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında DSMF sədri Səlim Müslümov məlumat verib.

Aparılan islahatlardan da söz açan S.Müslümov bildirib ki, bunun nəticəsində keçən il iyulun 1-nə qədər 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artıb. 8550 nəfərin pensiyası 100 faizdən çox, 61147 nəfərinki 80 faizdən 100 faizə qədər, 262145 nəfərinki isə 50 faizdən 80 faizə qədər artıb.

Bu islahat nəticəsində cari ildə pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 400 milyon manat olacaq ki, bu da Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin 17 faizini təşkil edir.

Bundan əlavə, 2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunub, həmçinin müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanmış və bu 5 min 900 nəfərə yaxın alimi əhatə edib.

Nəticədə, 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil edib.
 




Baxış sayı: 1304

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024