12px13px15px17px
Tarix:27/01/12

«Eurovision.az» saytının təqdimatı keçirilib

Azərbaycan və "Eurovision-2012" ilə bağlı videorolik, eləcə də «Eurovision.az» saytının təqdimatı keçirilib.  "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə,  müsabiqənin loqo və şüarı da açıqlanıb.

Odlar Yurdu Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin loqosunda mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhpərvərliyi təcəssüm etdirən günəş, ay və ulduzlar təsvir olunub.

Zəngin mədəniyyətimizdə xüsusi yeri olan od fəlsəfəsi bu gün də bayramlarımız, incəsənət nümunələrimiz, memarlığımızda çox aktualdır. Könlümüzə hərarət verən od Azərbaycan xalqının istiqanlı, qonaqpərvər, qayğıkeş xüsusiyyətlərində öz təcəssümünü tapır.

Həyatımızın enerji mənbəyi hesab etdiyimiz alov demək olar ki, bir-birindən çox fərqli naxışlarla mədəniyyət incilərimizdə əks etdirilib. Reklam çarxında, loqolarda da od təsviri təsadüfi seçilməyib.

Ona görə də "Eurovision-2012" mahnı müsabiqəsi "Light your fire" (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcək.
2004-cü ildən etibarən "Eurovision" müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli loqosu vardı. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya əlavə olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.

"Eurovision" müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand deyib ki, Azərbaycanda növbəti püşkatma mərasimi bu ilin martında keçiriləcək. Bu püşkatma yarımfinallar və final mərhələlərinin sıralanması ilə bağlı olacaq.

"Eurovision" müsabiqəsində Azərbaycana 43 ölkədən təxminən 1500-ə yaxın mətbuat nümayəndəsinin gələcəyi gözlənilir. Bundan əlavə, müsabiqədə iştirak etməyən qeyri-ölkələrdən də təxminən 100-dən artıq jurnalistin gələcəyi ehtimal edilir.

Yeri gəlmişkən, müsabiqəyə ev sahibliyini bu il Azərbaycan həyata keçirdiyi üçün digər ölkələrdən fərqli olaraq yerli mətbuat nümayəndələrinə başqalarından 10 dəfə artıq kvota veriləcək. Yəni təxminən Azərbaycan tərəfdən müsabiqəni işıqlandırmaq üçün 200 jurnalist qeydiyyatdan keçə bilər.

Müsabiqənin biletlərinin satışı ilə bağlı məlumat üç həftə ərzində ictimaiyyətə açıqlanacaq. Bunu da mətbuat konfransında "Eurovision" mahnı müsabiqəsi tədbirlərinin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker bildirib.

O, müsabiqənin biletlərinin qiymətinin yüksək olmamasına çalışacaqlarını deyib: "Arenanın tutumunu bildikdən sonra biletlər satışa çıxarılacaq. Biletlərin qiyməti ev sahibi olan ölkələrin standartlarına uyğun müəyyənləşir".

Xatırladaq ki, mayın 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötənilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.




Baxış sayı: 1473

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024