12px13px15px17px
Tarix:07/02/12

Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olundu

Azərbaycan Respublikası  Prezidentinin 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)  tərəfindən ardıcıl olaraq icra edilir.

Kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədi ilə məqsədyönlü işlər yerinə yetirilmiş və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space – COPUOS)  üzvlüyü təsdiq edilmişdir.

1959-cu ildə təsis edilmiş BMT-nin kosmik sahədə hökumətlərarası orqanı olan “COPUOS” kosmik fəzanın sülh məqsədləri ilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyaslarını təhlil edir, proqramlar hazırlayır, məlumatların yayılmasına və təhqiqatlara yardım edir, eləcə də beynəlxalq kosmik hüququn inkişafına töhfə verir və bu təşkilatın fəaliyyəti kosmik fəzanın sülh məqsədləri ilə istifadəsi təhqiqatı ilə əlaqədar meydana gələn hüquqi problemlərin müzakirə edilməsi üçün vacib beynəlxalq mexanizm hesab edilir.

Hazırda Azərbaycan da daxil olmaqla komitənin 70 üzvü vardır. Azərbaycanın “COPUOS”-un üzvü təsdiq olunması üçün RİTN respublika rəhbərliyinin və aidiyyəti qurumlarının bilavasitə dəstəyi ilə 2009-cu ildə Komitənin Bakıda seminarını təşkil etmiş və Komitənin son illərdə keçirilmiş iclaslarında RİTN-in nümayəndələri müşahidəçi kimi aktiv iştirak etmişlər.
 




Baxış sayı: 1413

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024