12px13px15px17px
Tarix:21/02/12

Xarici təşkilatlara e-mail “hücum” təşkil ediləcək

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar hər il olduğu kimi, bu il də xalqımızın qan yaddaşının tanıdılması istiqamətində müxtəlif addımlar atacaq.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Milli Şuranın baş katibi Orxan Ərəbov məlumat verib. Onun sözlərinə görə, ARGTMŞ Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı, ölkəmizdə ilk dəfə olaraq, “Böyük qayıdış” adlı qrafik filmin təqdimatı olacaq: «Filmdə bir gəncin gözü ilə Azərbaycanın əzəli torpaqları olan Qarabağın işğaldan azad olunmasından sonra repatriasiya prosesindən bəhs olunur.

Burada öz doğma yurd-yuvalarına qayıdan insanlar, aparılan quruculuq işləri təsvir olunub. Filmin qəhrəmanı olan gəncin paytaxtdan Qarabağa gedən bütün nəqliyyat vasitələrindən istifadə etməsi ölkəmizin ərazi bütövlüyünün göstəricisi kimi təqdim olunur.

Həmçinin, bu filmin nəinki ölkə daxilində, Azərbaycandan kənarda da nümayiş etdirilməsi nəzərdə tutulur. Filmdə ölkəmizin tarixi əraziləri haqqında geniş məlumat var ki, bu da öz növbəsində Azərbaycanın haqq səsinin dünyaya bir daha çatdırılmasına hesablanıb”.

Orxan Ərəbov onu da bildirib ki, Xocalı soyqırımı ilə əlaqədar olaraq ARGTMŞ 100-dən çox beynəlxalq təşkilat, ölkəmizdə akkreditasiya olunmuş xarici ölkə səfirlikləri, müxtəlif xarici təşkilatlara e-mail “hücum” təşkil edəcək. Xocalı soyqırımı haqqında həqiqətlər müxtəlif dillərdə e-mail ünvanlara göndəriləcək.

Baş katib tədbirlər silsiləsinin davamı olaraq keçiriləcək növbəti tədbir haqqında da məlumat verib. Bildirib ki, “ARGTMŞ, Demokratik İslahatçı Gənclər İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə layihəsi olan Xocalı Soyqırımının 20-ci ildönümünə həsr olunan “Kimdir günahkar”  adlı filmi ilk dəfə olaraq ictimaiyyətə təqdim olunacaq.

“Həftənin sonunda isə ARGTMŞ Dənizkənarı Milli parkda Xocalı soyqırımına dəstək aksiyası həyata keçirəcək. Aksiyada Xocalı soyqırımı zamanı baş vermiş hadisələr bir daha diqqətə çatdırılacaq. Aksiyada gənclər, millət vəkilləri, müxtəlif hökumət nümayəndələri, səfirliklər, beynəlxalq təşkilatların yerli nümayəndələrinin iştirakı nəzərdə tutulur” - deyə Orxan Ərəbov bildirib.
 
SEYMUR



Baxış sayı: 1779

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024