12px13px15px17px
Tarix:23/02/12

“İnnovativ müəllimlər müsabiqəsi”nin qalibləri yaxın günlərdə elan ediləcək

"Microsoft"un təşəbbüsü olan və hazırda dünyanın 100-dən artıq ölkəsində reallaşdırılan "İnnovativ müəllimlər müsabiqəsi"nin Azərbaycanda final mərhələsi başa çatdı. Qaliblər yaxın günlərdə elan ediləcək. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "Microsoft-Azərbaycan"ın Təhsildə Əməkdaşlıq Proqramının rəhbəri Emin Axundov məlumat verib.

Onun sözlərinə görə, müsabiqəyə təqdim olunan 400 layihədən 25-i finala vəsiqə qazanmışdı: "Həmin layihələrin 9-u Bakıdan, digərləri isə rayonlardan olub. Bölgələrdə final mərhələsi məktəblərdəki internet bağlantısının hesabına baş tutdu. Belə ki, müəllimlər layihələrini münsiflər heyətinə onlayn təqdim ediblər. Final mərhələsində iştirak edən iki layihə birinci yerə, iki layihə ikinci yerə, daha iki layihə də üçüncü yerə layiq görülüb.

Ümumilikdə 6 qalibdən 3-ü Bakıdan, 3-ü isə bölgələrdəndir. Müsabiqənin iki əsas qalibi Azərbaycanı "Avropa innovativ təhsil forumu"nda təmsil edəcək. "Avropa innovativ təhsil forumu" 2012-ci ilin 19-22 mart tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçiriləcək".

Qeyd edək ki, bu tədbir Təhsil Nazirliyi və "Microsoft - Azərbaycan" tərəfindən birgə həyata keçirilən "Təhsildə Əməkdaşlıq" proqramının tərkib hissəsidir.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq aparılan tədbirə "Ultra", "Mədəd", "HP" və "AzEduNet" kimi təşkilatlar da dəstək verir.

Müsabiqənin təşkilində məqsəd hər ölkədə qabaqcıl, yenilikçi müəllimləri araşdırıb üzə çıxarmaq, onları əvvəl yerli, sonra isə müxtəlif regional müsabiqələr vasitəsi ilə bir araya gətirərək təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Bundan başqa, müsabiqə Azərbaycan təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalarından istifadəsini təkmilləşdirmək və şagirdlərin 21-ci əsr vərdişlərinə yiyələnməsi üçün şərait yaratmaq vəzifələrini üzərinə götürüb. Layihə metodikasına əsaslanaraq orta məktəb müəllimləri arasında aparılan müsabiqə seçim və final kimi iki mərhələdən ibarətdir.
 
HƏQİQƏT

 




Baxış sayı: 1548

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024