12px13px15px17px
Tarix:26/09/18

Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan "Sofiya" ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

 

Bu gün Heydər Əliyev Mərkəzində keçirilən mətbuat konfransında  "İnnovasiyalar həftəsi" çərçivəsində keçiriləcək tədbirlər barədə media nümayəndələrinə ətraflı məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

 

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov bildirib ki, Mərkəz fəaliyyət göstərdiyi müddətdə digər sahələrlə yanaşı, informasiya texnologiyaları sahəsində də bir sıra layihələr həyata keçirib. Bu baxımdan Heydər Əliyev Mərkəzi ölkəmizdə ilk dəfə təşkil olunacaq beynəlxalq "İnnovasiyalar həftəsi"nin tərəfdaşları sırasında da yer alır. Qeyd olunub ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçiriləcək layihə çərçivəsində gənclər yüksək texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərlə tanış olmaq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək imkanı əldə edəcəklər.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov məlumat verib ki, "İnnovasiyalar həftəsi" çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiber İdman Federasiyası, "Keepface", "Microsoft" və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq.

 

O, həmçinin qeyd edib ki, "İnnovasiyalar həftəsi"ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Microsoft" şirkətinin təşkil etdiyi "dəyirmi masa"da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiber İdman Federasiyası ilə birgə "Baku Open Cyber Cup" turniri keçiriləcək.

 

Qeyd olunub ki,  "İnnovasiyalar həftəsi" çərçivəsində Yüksək Texnologiyalar Parkı tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də bir sıra dövlət  qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı ("Hackathon") təşkil ediləcək. "Burada iştirakçılar qarşıya qoyulan problemin çevik və innovativ həlli yollarını təklif etməlidirlər. Qalib ideyalar tətbiq olunmaqla yanaşı, həm də mükafatlandırılacaq" - deyə R.Əzizov vurğulayıb.

 

Onun sözlərinə görə, "İnnovasiyalar həftəsi"ndə həm də "İdeyadan Biznesə"  layihəsi çərçivəsində keçirilən startap turlarının qaliblərinin yarışacağı böyük final təşkil ediləcək.

 

"Bundan başqa Yüksək Texnologiyalar Parkı ilə "AstroLabs" akselerasiya mərkəzi arasında yerli startaplar üçün xarici investisiyaların cəlb edilməsi üzrə memorandumun imzalanması da nəzərdə tutulub. Ümumiyyətlə, bu həftə ərzində tədbirlərin siyahısı genişlənə bilər. Fürsətdən istifadə edib sahəyə aidiyyəti olan dövlət qurumlarını, maraqlı tərəfləri "İnnovasiyalar həftəsi" çərçivəsində tədbirlər keçirməyə dəvət edirik" - deyə şöbə müdiri əlavə edib.

 

 

Dünyanın ilk ağıllı robotu Azərbaycan milli geyimini geyinəcək

 

"İnnovasiyalar həftəsi"nin ən maraqlı tədbirlərindən biri isə "Qlobal İnfluenser Günü" (Global İnfluencer Day) olacaq. Bu tədbir barədə daha ətraflı "Keepface" platformasının rəhbəri Emin Vəli məlumat verib.

 

O, əvvəlcə, "influencer" sözünün mənasını açaraq bildirib ki, yaratdığı məzmunla geniş izləyici auditoriyası yığan, onları yönləndirmə və inandırma gücünə sahib şəxs və şəxslər qrupu influenserlər adlanır. E.Vəlinin sözlərinə görə,  influenserlər paylaşdıqları maraqlı, faydalı məzmunla yanaşı, sosial media və digər rəqəmli platformalar vasitəsilə hər hansı bir məhsul və ya xidmət barədə təcrübələrini təqibçiləri ilə bölüşərək tanıtma, eləcə də satışın artırılması ilə məşğul olurlar. "Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək "Qlobal İnfluenser Günü" maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot "Sofiya" Azərbaycana gələcək. Yeri gəlmişkən, qeyd edim ki, "Qlobal İnfluenser Günü" tədbirinin təşkilatçıları "Keepface DMCC" və "FA International Trade Events"dir. Qlobal tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Turizm Agentliyi, ADA Universiteti, Azərbaycandakı ABŞ Ticarət Palatası, Azərbaycan Konqreslər Bürosu, "CAMCA network" tərəfindən dəstəklənir. "UBM", "Leo Burnett Azərbaycan", "Mediamark", "Adzone", "Canvas", "Times Consulting", "Alibayov Communication & Consulting"in müxtəlif aspektlərdə kömək etdiyi "Qlobal İnfluenser Günü"nün sponsorları "Astrolabs",  "Azersun", "Azgranata", "SATGroup", "PWC", "Roof Academy"dir. "Qlobal İnfluenser Günü" tədbirinin biletləri "iTicket.az" satış məntəqələri və saytında satılır" - deyə E.Vəli vurğulayıb.

 

"FA International Trade Events"in rəhbəri Nail Babayev "Qlobal İnfluenser Günü"nün təşkilatçılarından biri kimi, tədbirin ən maraqlı qonağı olan dünyanın insanabənzər ilk robotu - "Sofiya" barədə danışıb. O bildirib ki, "Sofiya" indiyədək 40 ölkəyə səfər edib.

 

"Ağıllı robot insana məxsus 60 təəssüratı (gülmək, yuxulamaq, təəssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) ifadə etmək bacarığına sahibdir. İngilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində siz "Sofiya"nı Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində izləyə biləcəksiniz".

 

 "Qlobal İnfluenser Günü" çərçivəsində qeyd edildiyi kimi, müxtəlif ölkələrdən 1 milyondan çox izləyicisi olan "influenser"lər qatılacaq.  Həmin şəxslərin sosial şəbəkələrdə ümumilikdə 30 milyondan çox təqibçisi var. Biz bu böyük rəqəmdən yararlanaraq "influenser"lər üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent turu təşkil edəcəyik. Bu imkan verəcək ki, "İnnovasiyalar həftəsi" çərçivəsində qlobal arenada da Azərbaycan haqqında məlumatlar paylaşılsın".

 

Döyüş və futbol idman növü üzrə "Baku Open Cyber Cup" kompüter oyunları  təşkil ediləcək

 

"Baku Open Cyber Cup" turniri barədə danışan Azərbaycan Kiber İdman Federasiyasının rəhbəri Ramil Əliyev deyib ki, turnirin məqsədi kiber idmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır. O bildirib ki, "Baku Open Cyber Cup" çərçivəsində döyüş və futbol üzrə kompüter oyunları  təşkil ediləcək.

 

"Peşəkar hakimlərin idarə edəcəyi oyunlarda əvvəlcədən qeydiyyatdan keçərək iştirak etmək mümkün olacaq. Turnirin qalibləri isə Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq" -  R.Əliyev vurğulayıb. 

 

Mətbuat konfransı sual-cavabla yekunlaşıb.



























 





Baxış sayı: 889

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024