12px13px15px17px
Tarix:20/12/12

“Symantec”: 2013-cü ildə kiberhücumlar daha da aqressiv xarakter alacaq

"Symantec" antivirus şirkəti 2013-cü il üzrə kibertəhlükəsizlik dünyası ilə bağlı proqnozunu dərc edib. Korporasiyada çalışan ekspertlərin məlumatlarına əsasən, 2013-cü ildə kiberhücumlar daha da aqressiv xarakter alacaq və yalnız gəlir əldə etmək və ya casusluq məqsədi ilə deyil, həm də hücum edənlərin gücünün göstərilməsi ilə yadda qalacaq.

Bundan başqa, mobil və "bulud" texnologiyalarının istifadəçiləri, həmçinin sosial şəbəkələrin auditoriyası üçün yaranacaq təhlükələrin sayı artacaq. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2013-cü ildən etibarən dövlətlər, təşkilatlar və ayrı şəxslər arasındakı münaqişələr əsasən kiberməkan üzərinə keçiriləcək. Müxtəlif mütəşəkkil qruplar kimi hökumətlər də rəqiblərinin məxfi informasiyanı və ya maliyyə resurslarını məhv etmək və ya zədələmək üçün kiberhücumlardan istifadəyə davam edəcək.

"Symantec" şirkətinin ekspertləri, həmçinin hədəflənmiş hücumların sayının artacağını gözləyirlər. Belə hücumların məqsədi ayrı şəxslər və ya müəyyən siyasi baxışları dəstəkləyən qeyri-hökumət təşkilatıdır. Son zamanlar ayrı-ayrı insanların və ya təşkilatların davranışı bu və ya digər haker qruplaşmasının narazılığına səbəb olduqda belə vəziyyətlə qarşılaşmaq mümkündür.

Mobil reklam proqram təminatı (madware, mobile advertising software) yalnız qurğudan istifadə prosesinə mane olmağı ilə deyil, həm də mobil qurğu istifadəçisinin yerləşmə mövqeyi, əlaqə məlumatları, həmçinin qurğuların eyniləşdirmə məlumatlarını fırıldaqçılara ötürməsi ilə fərqlənir. Kənar tətbiq quraşdırılan zaman qurğuya gizli şəkildə düşən "madware" proqramı istifadəçini tez-tez üzə çıxan pəncərələrlə bezdirir, yarlıklar yaradır, brauzerin sazlamalarını dəyişdirir və fərdi məlumatları toplayır.

Yalnız son 9 ay ərzində tərkibində ən aqressiv "madware"-proqramları olan tətbiqlərin sayı 210 faiz artıb. İnternet-reklam agentlikləri daha uyğun reklam göstərmək üçün yerləşmə mövqeyi və qurğunun xüsusiyyətləri haqqında məlumatları qanuni yolla əldə edə bilər. Hazırda əsas tendensiyalar "bulud" və mobil texnologiyalarıdır. 2013-cü ildə məhz "bulud" və mobil platformalar kibercinayətkarların hədəfinə çevriləcək.

Hazırda zərərli proqramlar pullu SMS mesajlar göndərir və əldə edilən gəlir kibercinayətkarlara çatır. 2013-cü ildə mobil texnologiyaların inkişafı müşahidə ediləcək və bu, kibercinayətkarlar üçün yeni imkanlar yaradacaq. Mütəxəssislər qeyd edirlər ki, istifadəçilər sosial şəbəkələrə etibar edirlər. Sosial şəbəkələr pul qazanmaq səviyyəsinin artırılması məqsədi ilə istifadəçilərə bir-birinə əsil hədiyyə vermək imkanı yaradır və sosial şəbəkələrdə pul dövriyyəsinin artımı kibercinayətkarların hücumlar həyata keçirməsinə səbəb olur.

"Symantec" ekspertləri sosial şəbəkələrdə ödəmə məlumatlarının ələ keçirilməsinə istiqamətlənmiş hücumların sayının artacağını proqnozlaşdırırlar. Bu tip hücumlara, məsələn, hədiyyələr haqqında saxta bildirişlər və istifadəçidən ev ünvanını və digər şəxsi məlumatını qeyd etməyi tələb edən elektron məktublar daxildir.

EMİL



Baxış sayı: 798

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024