12px13px15px17px
Tarix:22/12/12

Fərdi məlumatlar necə qorunmalıdır?!

Bu gün dünyada "İnformasiyalı cəmiyyət"in qurulması ən aktual məsələlərdən biri hesab edilir. Hətta qlobal inkişafı hədəf seçən ölkələr bununla bağlı üzərlərinə xüsusi öhdəçiliklər də götürüblər. Lakin tək iş "İnformasiyalı cəmiyyət"in qurulması ilə bitmir. Bu sistemin müsbət tərəfləri ilə yanaşı, problemləri də var ki, konseptual yanaşma tələb edir.

Belə problemlərdən biri də insanların fərdi məlumatlarının başqaları tərəfindən toplanması, istifadə olunması və yayılmasıdır. Bir çox hallarda fərdi məlumatlar şəxslərin özləri tərəfindən verilsə də, (məsələn, xəstəxanalarda özləri haqqında məlumat və ya işə daxil olmaq üçün yazılmış tərcümeyi-hal) onların informasiya sistemlərində qorunması sual altına düşür.

Məlumatların qorunmasına məchul olan şəxs və ya təşkilatlar buna ötəri yanaşır, məsələnin ciddiliyinə varmır. Belə olduqda da məlumatlar şəxsin iradəsindən kənar olaraq toplanılır, istifadə olunur və yayılır. Bu da son nəticədə ailələrin dağılmasına, ailədaxili münaqişələrin yaranmasına, fərdlərin narahatçılığına səbəb ola bilər. Üstəlik, cinayətkarlar, müxtəlif məqsəd güdənlər həmin məlumatlardan özlərinin qara niyyətləri üçün istifadə edə bilir.

Bütün bunlara görə də fərdi məlumatların qorunması, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması qaçılmaz olur. "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə müvafiq olaraq fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir.

Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"na müvafiq olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilir.

Ümumi məlumat - "Dövlət informasiya ehtiyatlarının reyestri"  

Mövcud qanunvericiliyə əsasən "Dövlət informasiya ehtiyatlarının reyestri" üzrə informasiya ehtiyatları haqqında bir sıra məlumatlar icbari qaydada reyestrə daxil edilir. Bura dövlət orqanlarının informasiya ehtiyatları, dövlət vəsaiti hesabına yaradılmayan, lakin dövlət əhəmiyyəti daşıyan informasiya ehtiyatları, milli informasiya ehtiyatı elan olunmuş informasiya ehtiyatları, mülkiyyətçilərinin (sahiblərinin) təşəbbüsü və ya razılığına əsasən dövlət informasiya ehtiyatları ilə məlumat mübadiləsində iştirak edən informasiya ehtiyatları daxildir.

Reyestrə qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılmış və istismara verilmiş informasiya ehtiyatları haqqında məlumatlar daxil edilir. Yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Dövlət Reyestrinə daxil edilməsi və ya müvafiq düzəlişlərin edilməsi üçün lazımi sənədlər (müraciət ərizəsi və qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən gec olmayaraq Reyestrin operatoruna təqdim edilməlidir.

Müraciət edən tərəfindən təqdim olunmuş sənədlərə ən geci 15 gün müddətində baxılır və nəticə haqqında müraciət edənə məlumat verilir. İnformasiya ehtiyatı haqqında məlumatlar reyestrə daxil edildikdə, müraciət edənə reyestrdən çıxarış verilir. Digər informasiya ehtiyatları haqqında məlumatların reyestrə daxil edilməsi, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, əsasnaməyə uyğun olaraq həmin informasiya ehtiyatlarının mülkiyyətçilərinin (sahiblərinin) təşəbbüsünə və ya razılığına əsasən həyata keçirilir.

Fərdi məlumatların informasiya sistemləri haqqında sərəncamlar  

"Fərdi məlumatlar haqqında" Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010-cu il tarixli 275 nömrəli Fərmanının icrasının təmin edilməsi və fərdi məlumatların informasiya sistemləri barədə vahid məlumat bazasının yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2010-cu il tarixli fərmanı ilə "Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydaları" təsdiq olunub və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) tapşırılıb.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli, 361 nömrəli Fərmanının 3.1-ci bəndinə müvafiq olaraq fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi RİTN-ə həvalə edilib.

Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq informasiya sistemlərini dövlət qeydiyyatından keçirdikdən sonra onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir.

Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri

Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri - İnformasiya sistemləri barədə məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır. Dövlət reyestrinin formalaşdırılmasının və fəaliyyətinin əsas prinsipləri mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi, informasiyanın aktuallığının və təhlükəsizliyinin təmin edilməsi, dövlət reyestrinin proqram-texniki komponentlərinin inkişaf imkanlarının təmin edilməsidir.

"Fərdi məlumatlar haqqında" Qanuna əsasən Azərbaycanın milli təhlükəsizliyinin, habelə qanunçuluğun təmin edilməsi məqsədi ilə, kəşfiyyat və əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar fərdi məlumatların toplanıldığı və işlənildiyi, həmçinin dövlət sirrinə aid edilən və milli arxiv fondunda toplanılan fərdi məlumatların informasiya sistemləri istisna olmaqla fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. Qanunvericiliyə əsasən aşağıdakı fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatından keçirilməsi tələb olunmur:

- dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət sirrinə aid olan fərdi məlumatların informasiya sisteminin;

- mülkiyyətçi və ya operatorla əmək münasibətlərində olan subyektlərə aid və ya onların iş ərazisinə buraxılması üçün zəruri olan fərdi məlumatların informasiya sisteminin;

- müəyyən olunmuş qaydada adsızlaşdırılmış, yaxud subyekt tərəfindən açıq elan olunmuş və ya subyektin razılığı ilə onun barəsində açıqlanmış fərdi məlumatların toplandığı və işlənildiyi, ümumi istifadə üçün yaradılmış İnformasiya Sistemləri;

- milli arxiv fondu haqqında qanunvericiliyə uyğun olaraq arxivləşdirilmiş fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri;

- telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə subyektin yazılı razılığı əsasında onun təqdim etdiyi məlumatların (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) toplandığı və işlənildiyi ümumi istifadəli İnformasiya Sistemləri üçün

- tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;

- ictimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və üçüncü şəxsə subyektin razılığı olmadan verilməmək şərtilə aparılan İnformasiya Sistemləri üçün

- tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri;

- dövlət və ya yerli özünüidarə orqanlarının İnformasiya Sistemləri (qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı dövlət və ya yerli özünüidarə orqanlarına təqdim edilən fərdi məlumatların toplanması və işlənilməsi həmin orqanlar tərəfindən həyata keçirildikdə) üçün

- tərkibində 1000-dən az subyekt barədə məlumat olan İnformasiya Sistemləri;

- elmi və statistik tədqiqat məqsədləri üçün mütləq qaydada adsızlaşdırılmış və dövlət sirri təşkil etməyən fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri üçün

- tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri; - subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olan fərdi məlumatların toplandığı və işlənildiyi İnformasiya Sistemləri üçün

- tərkibində 1000-dən az subyekt barədə fərdi məlumatlar olan İnformasiya Sistemləri. Müraciət edən tərəfindən təqdim olunmuş sənədlərə ən geci 1 ay müddətində baxılır və nəticə haqqında müraciət edənə məlumat verilir.

İnformasiya ehtiyatı haqqında məlumatlar reyestrə daxil edildikdə, müraciət edənə reyestrdən çıxarış verilir. İnformasiya sistemlərinin reyestrdə qeydiyyata alınması üçün onların mülkiyyətçiləri və ya operatorları "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən e-imza və ya kod-parol vasitəsilə sistemə daxil olaraq müraciət ərizələrini və qeydiyyat kartlarını doldura bilərlər.

Bunun üçün qurumlar e-imza kartı olan səlahiyyətli nümayəndəsinin şəxsiyyət vəsiqəsinin nömrəsi, soyadı və adı haqda məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinə (Ünvan: Droqal döngəsi, 702-ci məhəllə - "28 May" metro stansiyasının yaxınlığı, tel: 012 598-42-73) təqdim etməli və həmin e-imza kartı qeydiyyatdan keçirilməlidir və ya Məlumat Hesablama Mərkəzinə (MHM) müraciət edib login-parol almalıdırlar.

Eyni zamanda qurumlar müraciət ərizələrini və qeydiyyat kartlarını doldurub və təsdiq edib rəsmi qaydada MHM-ə göndərə bilərlər. RİTN reyestrin dayanıqlı işləməsini və informasiya təhlükəsizliyini təmin edir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya sistemlərinin dövlət qeydiyyatına alınmasının və dövlət qeydiyyatının ləğv edilməsinin kağız daşıyıcı üzərində və elektron formada təşkili və idarə olunmasını təmin edir. Dövlət reyestrinə metodik, informasiya-linqvistik, proqram-texniki dəstəyi göstərir. RİTN dövlət reyestrindən çıxarışlar verir.

Dövlət reyestrinə daxil edilmiş məlumatların arxivləşdirilməsini və saxlanılmasını təşkil edir. Eləcə də reyestrin dayanıqlı işləməsini və informasiya təhlükəsizliyini təmin edir. Dövlət reyestrinə daxil edilən məlumatlar İnformasiya sistemlərinin dövlət qeydiyyatı və ya dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı məlumatlardan, habelə "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsində nəzərdə tutulmuş məlumatlardan ibarətdir.

Hüquqi və fiziki şəxslər İnformasiya sistemləri haqqında məlumat almaq hüququna malikdirlər. İnformasiya sistemləri haqqında məlumat reyestrin operatorunun İnternet informasiya ehtiyatında yerləşdirilir. İnternet informasiya ehtiyatında İnformasiya sistemləri haqqında yerləşdirilən məlumatın tərkibi reyestrin operatoru tərəfindən müəyyən edilir.

Seymur Qasımbəyli



Baxış sayı: 1506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024