12px13px15px17px
Tarix:30/04/14

CERT “İnternet Explorer”in 6-11 versiyalarının təhlükəli olduğunu elan edib

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi   internet istifadəçilərini "Internet Explorer"in 6-11 versiyalarından istifadə etməməyə çağırıb.
 
Mərkəzdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bunun səbəbi "Internet Explorer"in qeyd olunmuş versiyalarının təhlükə altında olmasıdır.
 
Belə ki, bu veb-brauzerdə aşkar olunmuş "məsafədən kodla idarə etmə"( remote code execution vulnerability) boşluğu bədniyyətli istifadəçilərə kompüteri adi istifadəçi kimi idarə etmək üçün bütün hüquqları verir. Bu, o deməkdir ki, bədniyyətli istifadəçi kompüterin inzibatçısı (administrator) kimi nüfuz edərək sistemə hər hansı zərərli proqram təminatını yükləyə, yeni istifadəçi hesabları yarada, kompüterdə saxlanılmış məlumatları silə bilər.  
 
Adətən bu cür halla istifadəçilər adi istifadəçilərin göndərdiyi məzmunu və ya reklamları yerləşdirən veb-saytlara daxil olduğu zaman qarşılaşa bilərlər. Çünki bədniyyətli istifadəçilər zərərli kodu məzmunda yerləşdirirlər.
 
 
Bu təhlükəsizlik boşluğundan xəbərdar olduğunu qeyd edən "Microsoft" şirkəti  yaxın zamanda yaranmış problemi həll etməklə istifadəçilərinin təhlükəsizliyini təmin edəcəklərini bildiriblər.
 
Hazırda bu təhlükəsizlik boşluğunun qurbanına çevrilməmək üçün həmin brauzerdən istifadə etməməniz, şifrlərinizi dəyişməniz və antivirus proqramını işə salmanız vacibdir. Eyni zamanda "Microsoft" şirkəti "İnternet Explorer" istifadəçilərinə kompüterlərinə "Enhanced Mitigation Experience Toolkit (EMET) 4.1" utilitini quraşdırmağı tövsiyə edir. Qeyd edək ki, bu utilit yalnız "Windows XP SP3" əməliyyat sistemində işləyir.
 
Aynur Vəliyeva



Baxış sayı: 625

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024