12px13px15px17px
Tarix:04/05/17

Təşkilatların “DDoS” hücumlarından ziyanı saatda 250 min dollara çatıb

“Neustar” şirkətinin “DDoS” hücumlarının və kibertəhdidlərin təhlilinə həsr olunan illik hesabatında təşkilatların 43 faizinin “DDoS” hücumları nəticəsində saatda təxminən 250 min dollar itirməsi, şirkətlərin 51 faizinə “DDoS” hücumunu aşkarlamaq üçün azı 3 saat tələb olunması, təşkilatların 40 faizinin oxşar hücumların qarşısını almaq üçün minimum bir o qədər vaxt sərf etməsi qeyd olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, sorğuda müxtəlif sektorları, o cümlədən texnoloji, maliyyə, səhiyyə və pərakəndə satış sahələrini təmsil edən İT təhlükəsizlik şöbələrinin mindən çox rəhbəri, texniki və maliyyə direktoru iştirak edib.

Hesabata görə, 2017-ci ildə “DDoS” hücumlarının 45 faizinin pik gücü saniyədə 10 giqabiti ötüb. Bundan başqa, ötən illə müqayisədə gücü 50 giqabit/saniyə təşkil edən hücumların sayında iki dəfə artım qeydə alınıb. Ekspertlər, həmçinin qeyd edir ki, müxtəlif sənaye sahələrində fəaliyyət göstərən müəssisələr eyni dərəcədə “DDoS” hücumlarına məruz qalır. Rəyi soruşulan 1010 təşkilat nümayəndəsinin 849-u oxşar hücumların qurbanı olmasını bildirib. Bundan əlavə, onların 86 faizinə qarşı iki dəfədən çox hücum həyata keçirilib.

Bildirilir ki, cari ildə “DDoS” hücumları ilə birlikdə fırıldaqçı proqram təminatından istifadə etməklə insidentlərin sayı 53 faiz artıb. İnsidentlərin 51 faizində cinayətkarlar şirkət müştərilərinin məlumat bazasını ələ keçirib, pul vəsaitlərini və ya intellektual mülkiyyət obyektlərini oğurlayıb.

Ekspertlərin sözlərinə görə, hücumlar təkmilləşməkdə davam edir. Məsələn, apreldə “Akamai Technologies” şirkətinin mütəxəssisləri tərəfindən dəf edilmə və gücləndirmə metodu üzrə həyata keçirilən “DDoS” hücumlarında “CLDAP” (Connection-less Lightweight Directory Access Protocol) protokolundan istifadə edilməsi faktı qeydə alınıb.

Nizam Nuriyev 




Baxış sayı: 370

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024