12px13px15px17px
Tarix:08/11/17

“DDoS” hücumlarının sayında kəskin artım qeydə alınıb

“Kasperski laboratoriyası” antivirus şirkəti üçüncü rüb üçün “DDoS” hücumları barədə hesabat təqdim edərək qeyd olunan müddət ərzində dünyada oxşar hücumların sayının artaraq “DDoS” hücumlarından mühafizə həllərinin qiymətinin bahalaşmasına səbəb olmasını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ötən rübdə 86 ölkədə hədəflər “DDoS” hücumlarına məruz qaldığı halda üçüncü rübdə bu göstərici 98-dək artıb. Hesabat dövründə “DDoS” hücumlarının 51,56 faizi Çindən həyata keçirilib. Hücum və hədəflərin sayına görə Çin, ABŞ və Cənubi Koreya lider olaraq qalır. Hücumların 69,62 faizi “Linux” sistemli qurğuların botnetlərindən istifadə edilməklə həyata keçirilib. Öz növbəsində “Windows” əməliyyat sistemli qurğular tədricən botnet yaradıcıları arasında populyarlığını itirir. Hesabata görə, qatışıq hücumların (SYN + TCP Connect + HTTP-flood + UDP) sayında artım müşahidə edilir.
 
Bildirilir ki, hücum edənlərin məqsədi əvvəlki kimi olaraq qalır. Məsələn, kibercinayətkarlar tərəfindən şirkətlərdən pul tələb etmə, tələblər yerinə yetirilməyəcəyi təqdirdə onlara qarşı güclü “DDoS” hücumları həyata keçiriləcəyi ilə hədə-qorxu gəlməklə şantaj hallarına tez-tez rast gəlinməyə başlayıb. Şirkətlərin ikinci rübdə pul ödəməyə üstünlük vermələrinə baxmayaraq hazırda belə təhdidlər adi spam kimi rədd edilir. Bundan başqa, “DDoS” hücumlarından rabitədə nasazlıq və dayanma hallarının maddi ziyan vurduğu və reputasiyaya xələl gətirdiyi biznesə təzyiq vasitəsi kimi istifadə davam edir.
 
Hesabat dövründə şirkət tədqiqatçıları tərəfindən oyun şirkətləri ilə əlaqədar üç böyük insident qeydə alınıb. Belə ki, avqustun ortalarında “Blizzard Entertainment” şirkəti “DDoS” hücumuna məruz qalıb. Məsələn, insident “Overwatch” və “World of Warcraft” oyun həvəskarlarından yan keçməyib. Sentyabrın əvvəlində isə “American Cardroom” kart oyunları saytına qarşı növbəti “DDoS” hücumu edilib. Hücumun dayandırılmasına görə cinayətkarlar pul tələb etsələr də, sayt ödəməkdən imtina edib. Nəticədə “American Cardroom” poker üzrə başlayan çempionatı təxirə salmalı olub. Bundan əlavə, sentyabrın sonunda cinayətkarlar Böyük Britaniya Milli Lotereyasının saytına hücum ediblər. İstifadəçilər 1,5 saat ərzində onlayn pul qoymaq imkanından məhrum olublar ki, bu da servisə ciddi ziyanlar vurub.
 
Şirkət ekspertlərinin fikrincə, əyləncə sahəsində mütəmadi “DDoS” hücumları tədricən normaya çevrilir və şirkətlərdən təhlükəsizlik problemlərinə yanaşmaların yenidən nəzərdən keçirilməsi tələb olunur. Əyləncə və oyun sektorunun tezliklə ixtiraçılıq qabiliyyəti və kiberhücumların sayı baxımından maliyyə sahəsinə layiqli rəqib olacağı gözlənilir.   

Nizam Nuriyev 




Baxış sayı: 376

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024