12px13px15px17px
Tarix:27/04/12

Azərbaycan və Türkiyə İKT sahəsində əməkdaşlığın gücləndirilməsi üçün İşçi Qrup yaradacaq

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Türkiyənin Elm, sənaye və texnologiya naziri Nihat Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə  Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qonaqlara  ölkəmizdə aparılan məqsədyönlü islahatlar,  İKT sahəsində  həyata keçirilən işlər barədə məlumat verib.

Daha sonra nazir ölkədə qeyri-neft sektoruna dəstək verməklə iqtisadiyyatın dayanıqlı inkişafına nail olunması üçün qarşıya qoyulan hədəflərdən söz açıb: "Azərbaycanda neft-qaz iqtisadiyyatından texnoloji iqtisadiyyata keçirik.

Bu gün bizim iqtisadi inkişafımızın təminatı üçün elmi-texniki yeniliklərə əsaslanan məhsul və xidmətlərin istehsalı, onların xarici bazarlarda rəqabətə davamlılığını təmin etməkdən ötrü böyük həcmli layihələrin həyata keçirilməsi vacibdir.

Bizim əsas məqsədimiz Azərbaycanın potensialından istifadə edərək Türkiyənin bu sahədə qazandığı təcrübədən yararlanmaqla birgə layihələrin həyata keçirilməsidir. Burada da əsas rol özəl sektorun, sahibkarlığın üzərinə düşür".

Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafını mütərəqqi hal kimi dəyərləndirən türkiyəli nazir Nihat Ergün də bu sahədə birgə əməkdaşlığın vacib olduğunu bildirib: "Biz  Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyi ilə Azərbaycanın müvafiq nazirliyi arasında elm, sənaye və texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsi niyyətindəyik".

Bununla bağlı müxtəlif layihələrin həyata keçirilməsinin vacib olduğunu deyən N.Ergünün sözlərinə görə, təmsil etdiyi nazirlik Azərbaycanla əməkdaşlığın genişlənməsində maraqlıdır: "Nanotexnologiyalar, universitet-sənaye əməkdaşlığının qurulması,  texnoloji şirkətlərin yaradılması, bu şirkətlərin dövlət tərəfindən dəstəklənməsi, texnoparkların yaradılması kimi  sahələrdə təcrübəmizi paylaşmaqla, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə dəstək vermək istəyirik.

Qazandığımız təcrübəni Azərbaycanla bölüşməklə ölkələrimiz arasındakı əlaqələri daha da gücləndirmək, dərinləşdirmək fikrindəyik. Əminəm ki, apardığımız danışıqlardan çox əhəmiyyətli nəticələr əldə olunacaq".

Daha sonra Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyini noyabr ayında Bakıda keçiriləcək "BakuTel - 2012" beynəlxalq telekommunikasiya  sərgisinə dəvət edən Ə.Abbasov türk şirkətlərinin öz xidmət və məhsullarını təqdim edə bilməsi üçün xüsusi pavilyon yaradılacağını vurğulayıb.

Görüşün sonunda hər iki nazirin təklifi ilə Azərbaycan və Türkiyə arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi üçün İşçi Qrupun yaradılması qərara alınıb.
 
HƏQİQƏT





Baxış sayı: 1613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024