12px13px15px17px
Tarix:28/04/12

RİTN-də 2012-ci ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilmişdir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasını giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda nitqindən irəli gələn vəzifələr barədə danışmış, respublikamızda aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını və  bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulamışdır.

 Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, yola saldığımız 2012-ci ilin I rübündə bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, bu sahədə görülən uğurlu işlərin nəticəsidir ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, ölkəmiz internet istifadəçilərinin sıxlığına görə MDB-də liderliyini qoruyub saxlamışdır.

Kollegiya iclasında cari ilin I rübü ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər  və əldə olunan nəticələr barədə məruzə dinlənilmişdir.

Çıxış edən məruzəçi bildirmişdir ki, hesabat dövründə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,1 faiz artaraq 303,4 milyon manat təşkil etmiş, ötən illə müqayisədə real artım tempi İKT sektorunda 8,0 faizə, o cümlədən, telekommunikasiya sektorunda 8,1 faizə, poçt sektorunda 6,9 faizə, informasiya sektorunda 17,4 faizə, İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 1,7 faizə bərabər olmuşdur.

Bundan əlavə, genişzolaqlı internet və elektron xidmətlərin tətbiqi ilə bağlı xüsusi məruzələr dinlənilmişdir.
Məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış etmişlər.

Kollegiyaya yekun vuran nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılması nəzərdə tutulan Elektron Hökumət üzrə Dövlət Agentliyinin strukturunun formalaşdırılması, "E-hökumət" portalının fəaliyyətinin, "Elektron imza"ların verilməsinin, ümumilikdə elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin  və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı  müvafiq tapşırıqlar vermişdir.




Baxış sayı: 1696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024