12px13px15px17px
Tarix:28/06/12

Azərbaycan və Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 1-ci iclası keçirilib

Bakıda Azərbaycan və Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 1-ci iclası keçirilib. Komissiyaya Azərbaycan tərəfdən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Estoniya tərəfdən isə bu ölkənin  İqtisadi əlaqələr və rabitə naziri Juhan Parts həmsədrlik ediblər.

İki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyən nazir Əli Abbasov tərəflər arasında mövcud  siyasi münasibətlərin iqtisadi əlaqələrin daha da genişlənməsi üçün zəmin yaratdığını deyib.

Ölkə başçılarının  qarşılıqlı səfərlərini və bunun nəticəsi olaraq 2009-2010-cu illərdə imzalanan deklorasiyanı Estoniya ilə Azərbaycan əlaqələrinin inkişafı baxımından dəyərli töhfə kimi qiymətləndirən nazir hər iki ölkənin regionda və beynəlxalq aləmdə artan nüfuzunu qeyd edib.  

Nazir ölkədə sürətli inkişafı hədəfləyən "Azərbaycan – 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası barədə ətraflı məlumat verərək bildirib ki, konsepsiyada ölkədə ümumdaxili məhsulun 2 dəfə artırılması və  bu artımın yaxın 8-10 il ərzində qeyri-neft sektorundan əldə olunan gəlirlər hesabına formalaşdırılması nəzərdə tutulub.

Nazir təbii sərvətlərə əsaslanan iqtisadi inkişafdan innovativ yönümlü iqtisadi inkişafa keçid istiqamətində Estoniya  təcrübəsindən istifadənin mümkünlüyünü qeyd edib. Hər iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmini artırmaq üçün böyük potensialın mövcudluğunu vurğulayan nazir Əli Abbasov  Azərbaycan şirkətlərinin Estoniya bazarlarına çıxmaq arzusunda olduqlarını söyləyib.

Öz növbəsində Juhan Parts Azərbaycana ilk dəfə 2009-cu ildə səfər etdiyini, ötən dövr ərzində  ölkəmizdə bütün sahələrdə sürətlə inkişaf müşahidə olunduğunu qeyd  edib.

O, Bakının tamamilə müasir, inkişaf etmiş bir şəhərə çevrildiyini vurğulayaraq bütün bunları ölkənin iqtisadi inkişafının təzahürü kimi dəyərləndirib. Azərbaycan və Estoniya arasında münasibətlərin qənaətbəxş olduğunu deyən J.Parts əlaqələrin daha da genişləndirilməsini gələcək perspektivlər baxımından səmərəli hesab edib.

O, Azərbaycanın Estoniya üçün yaxşı partnyor olduğunu qeyd edərək  bildirib ki, maliyyə böhranı dövründə Estoniya şirkətləri məhz bu regionda fəaliyyət göstərib: "Bildiyiniz  kimi, Estoniyanın ticarət əlaqələrinin 80%-dən çoxu Avropa Birliyi ölkələri ilədir. Buna baxmayaraq, 2011-ci ildə ən yüksək iqtisadi artım Estoniyada qeydə alınıb. Belə ki, 2011-ci ildə Estoniyada ÜDM-in artım tempi 7,6% təşkil edib".

J.Parts bir çox sahələr üzrə hər iki ölkə şirkətlərinin birlikdə fəaliyyəti üçün münbit şəraitin olduğunu qeyd edərək əlavə edib ki, şirkətlər birlikdə müəssisələr də yarada bilər. Estoniyalı nazir Azərbaycanın İKT şirkətlərinin Estoniya bazarlarına çıxmaqla  birbaşa Avropa bazarlarına çıxış qazanacağını da vurğulayıb.
Sonra İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanın neft resurslarını müstəqil olaraq inkişaf etdirdiyini bildirib.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini deyən nazir müavini neft potensialının Azərbaycanda digər sahələrin də inkişaf etdirilməsi üçün münbit şərait yaratdığını qeyd edib: «Ötən il qeyri-neft sektorunda  9 faiz artım qeydə alınıb.

Yeri gəlmişkən, bildirim ki, ildən-ilə Azərbaycanın gəlirləri artır. Hətta neft gəlirləri aşağı düşərsə belə, ölkəmiz 4-5 il tamamilə maneəsiz özünün idxal-ixrac prosesini həyata keçirə bilər»- deyə nazir müavini qeyd edib.Daha sonra digər dövlət qurumlarının nümayəndələri geniş hesabatla çıxış ediblər.

SEYMUR




Baxış sayı: 1208

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024