12px13px15px17px
Tarix:17/07/12

Rabitə və İnformasiya Texnologiyalari Nazirliyində kollegiya iclası keçirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasını giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı nitqindən irəli gələn vəzifələr barədə danışmış, respublikamızda aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını və  bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulamışdır.

Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, ötən müddət ərzində bu sahədə müsbət nəticələr qazanıldığını və Dünya İqtisadi Forumunun hesabatına əsasən, ölkəmizin internet istifadəçilərinin sıxlığına görə MDB və regionda liderliyini qoruyub saxladığını vurğulamışdır.  Nazir ötən dövr ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,0 % artdığını və bunun  ölkənin iqtisadi sektorunda ən yüksək artım olduğunu  qeyd etmişdir.

Sonra Aparat rəhbəri Vidadi Zeynalov 2012-ci ilin birinci yarım ilinin yekunlarına həsr olunmuş məruzə ilə çıxış etdi.  Hesabat dövründə qazanılan nailiyyətləri diqqətə çatdıran məruzəçi bildirdi ki, sektor üzrə əldə olunan gəlirlərin təxminən 74,3%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüş,  gəlirlərin ÜDM-də payı isə 1,74% olmuşdur.  

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı   18,6 , hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110, hər 100 nəfərə düşən kompyuterlərin sayı 20, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 65 və hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı isə 30-dan artıqdır.

Daha sonra, məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilmişdir.
Kollegiyaya yekun vuran nazir ötən dövr ərzində həyata keçirilən işləri qənatbəxş hesab edərək,  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, texnopark şəbəkəsinin yaradılması, elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün  ərazisində  tətbiqinin  qısa  müddət  ərzində  başa çatdırılması, növbəti  ilin yanvar - fevral aylarında ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin qorunması, yerli özəl şirkətlərlə iş birliyinin gücləndirilməsi, 4G yeni nəsil xidmətlərinin mobil opretorlar tərəfindən tətbiqinin təmin edilməsi, rouminq tariflərinin endirilməsi üçün müvafiq işlərin görülməsi, "nömrə daşıma" sisteminin reallaşdırılması, poçt sahəsində yeni islahatların aparılması, nanotexnologiyalardan istifadə, innovativ sahibkarlığa kömək və yeni tipli məhsulların hazırlanaraq dünya bazarlarına çıxarılması, vətəndaşların ərizə və şikayətlərinin operativ cavablandırılması, xidmət mədəniyyətinin yüksəldilməsi, cari ilin ikinci yarısında keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərə, xüsusilə BMT-nin təşkilatçılığı ilə İnternet İdarəçiliyi Forumunun Bakıda keçiriləcək toplantısına hazırlıq işlərinin yüksək səviyyədə aparılması    və  digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı  müvafiq tapşırıqlar vermişdir.




Baxış sayı: 1346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024