12px13px15px17px
Tarix:07/09/11

Bazar günü gecə işçilərlə yeni həftəyə necə başlayacaqlarını müzakirə etmək üçün tele-konfrans yaradan rəhbər

Tim Kuk 1960-cı il noyabrın 1-də ABŞ-ın Alabama ştatında anadan olmuşdur. Atası gəmi işçisi, anası evdar qadın olmuşdur.

Robertsdeyl kollecindən məzun olan Tim Auburn Universitetində sənaye mühəndisliyi üzrə bakalavr təhsilini 1982-ci ildə bitirmişdir.

1988-ci ildə magistratura pilləsi üzrə Duke Universitetinin nəzdində fəaliyyət göstərən Fukua Biznes Məktəbinə daxil olmuşdur.

Kuk iş fəaliyyətinə “İBM” şirkətində başlamış və 12 il burada çalışmışdır. Bundan sonra “Compaq” şirkətində korporativ məhsullar üzrə vitse-prezident kimi fəaliyyət göstərmişdir və daha sonra "İntelligent Electronics" şirkətində baş əməliyyat icraçısı kimi işləmişdir.

1998-ci ildən “Apple” şirkətində Əməliyyatlar üzrə vitse-prezident kimi fəaliyyətə başlayan Tim Kukun “Apple” şirkətinin dünya bazarında mövqeyinin möhkəmlənməsi istiqamətində mühüm xidmətləri olmuşdur. 2007-ci ildən şirkətin əməliyyat üzrə əsas direktoru vəzifəsində çalışır.

Onu da qeyd edək ki, 2004-cü ildə 2 ay və 2009-cu ildə də müəyyən müddət “Apple”-ın yaradıcısı Stiv Cobs səhhəti ilə əlaqədar işdən ayrıldığına görə baş direktor vəzifəsini icra etmişdir. “Business İnsider” jurnalı Tim Kuku 4 maddə ilə analiz edib:

1.50 yaşındadır. Alabamada doğulub və Auburn Universitetində oxuyub.

2. Kuk, “Apple”-ın diqqətini bir istehsal idarəetməsində milyonlarla dollarlıq qənaət proqramı və pərakəndə strategiyası ilə çəkib.

3. Elektron poçt göndərməyə səhər saat 04:30-da başlayır və bazar günü gecə işçilərlə yeni həftəyə necə başlayacaqlarını müzakirə üçün tele-konfranslar təşkil edir.

4. İdman “dəlisi”dir.

“iPod”, “iPhone” və “iPad” kimi tanınmış məhsulları istehsal etməklə “Apple” brendini dünyanın ən bahalı ticarət nişanlarından birinə çevirən Stiv Cobs 2011-ci ilin avqust ayının 24-də tutduğu vəzifədən istefa verərək “Timə və qrupuna güvənirəm. 2011-ci il üçün qarşımıza qoyduğumuz məqsədləri həyata keçirəcəyinə inanıram”, - deyə bildirmişdi. Şirkətin banisi Stiv Cobsun istefa verməsi ilə hazırda büdcəsi 349 milyard dollara yaxın “Apple”-ın baş direktoru Tim Kukdur.

Alaç Doiçman “Stiv Cobsun ikinci gəlişi” kitabında Cobsu və Kuku müqayisə edərək yazır: “Cobs Amerika biznesində olduqca nadir hallarda təsadüf edilən həddən artıq riskli qərarlar qəbul etməkdən qorxmurdu. Sözsüz ki, belə idarəetmə tərzi onun xarakterinin nəticəsidir. Tim Kukun xarakteri onun əksidir”.

Bundan əlavə, “The New-York Times”ın yazdığına görə, Cobs hər an coşmağa hazır olan xarakterlə, bir yerdə qərar tutmayan adamdırsa, Kuk sakit, ədəbli və nəzakətli insandır”.

Onu da xatırlamaq lazımdır ki, bir neçə ay öncə T.Kuk S.Cobsu müvəqqəti əvəz edərkən şirkətin “yalnız varlılar üçün” məhsul buraxmaq niyyətində olmadığını bəyan etmişdi.

Onun sözlərinə görə, “Apple” hamı üçün müxtəlif məhsullar təqdim edən və müxtəlif bazarlarda təmsil olunan şirkət kimi fəaliyyət göstərmək istəyir.

Analitiklərin fikrincə, bu və digər fikirlər onun şirkətin gələcək fəaliyyətinin müxtəlif istiqamətlərində dəyişikliklər edəcəyi qənaətinə gəlməyə əsas verir.



Baxış sayı: 3058

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Dekabr 2024

26 12 2024