12px13px15px17px
Tarix:18/08/12

“Texnologiya” kurikulumu ilə məktəblərdə gələcəyin geniş profilli mütəxəssisinin formalaşdırılmasının ilkin təməli qoyulur

 Artıq iyun ayının 3-cü ongünlüyündən etibarən ölkədə müəllimlər üçün aparılan kurikulum məşğələləri davam edir. Hazırda keçirilən məşğələlərin bir istiqaməti də "Texnologiya" fənni ilə bağlıdır.


Təhsil Nazirliyindən bildirilib ki, hazırda Odlar Yurdu Universiteti (OYU) tərəfindən Astara rayonunda 5 qrupda təşkil edilmiş təlim kursları davam etməkdədir: "Kurslarda 2012/2013-cü tədris ilində rayonun ümumtəhsil məktəblərinin V siniflərində "Texnologiya" ilə yanaşı, "Xarici dil" və "Musiqi" fənləri üzrə dərs deyəcək müəllimlər də iştirak edir".

2012/2013-cü tədris ilində "Texnologiya" fənnindən dərs deyəcək müəllimlər üçün respublika üzrə məşğələlər davam edir

OYU-nun iyulun 30-dan Lənkəran və Astara rayonlarında apardığı təlim kursları üzrə məşğələlər isə 9 qrupda aparılır. Bundan başqa, Azərbaycan Universiteti (Aİ) avqustun 1-dən Ağdaş şəhəri M.Şeyxzadə adına texniki humanitar gimnaziyada ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına başlayıb:

"Kurslara rayonun ümumtəhsil məktəblərində növbəti tədris ilində "Həyat bilgisi", "Texnologiya" və "Fiziki tərbiyə" fənləri üzrə dərs deyəcək müəllimlər cəlb olunub. Məşğələlər 7 qrupda aparılır". Aİ "Texnologiya" fənni üzrə Ağdam rayonunda da təlim kurslarına başlayıb:

"Kurslara Şuşa və Laçın rayonlarının köçkün məktəblərinin müəllimləri də cəlb edilib. Müəllimlər təlimlə bağlı paylama materialları və dəftərxana ləvazimatı ilə təmin olunub". Azərbaycan Universiteti tərəfindən avqustun 1-dən Beyləqan rayonunda təşkil edilmiş təlim kursları da hazırda davam edir. "Aİ avqustun ilk günündən Salyan şəhəri Ə.Kürçaylı adına 7 №-li məktəb-liseydə yerləşən təlim mərkəzində ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarını da davam etdirir. Məşğələlər 7 qrupda aparılır".

"Texnologiya" üzrə təlimləri aparan məsləhətçilər tenderlə seçilib


Qeyd edək ki, Təhsil Nazirliyinin təşkil etdiyi, 2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək "Texnologiya" fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlər "Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə" çərçivəsində həyata keçirilir.

Bu məqsədlə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələrinə əsasən, Abşeron və Dağlıq Şirvan iqtisadi rayonlarında növbəti tədris ilində 5-ci siniflərdə dərs deyəcək "Texnologiya" fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlər "XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" MMC tərəfindən aparılır.

Təhsil Nazirliyi ilə qarşı tərəf arasında iyunun 12-də bağlanan müqavilənin müddəti dekabrın 31-nə qədər davam edəcək. Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında 2012/2013-cü tədris ilində dərs deyəcək "Texnologiya" müəllimləri üçün təlimlər isə Odlar Yurdu Universiteti və Azərbaycan Universiteti tərəfindən həyata keçirilir. Tərəflər arasında iyunun 19-da bağlanan bu müqavilələrin son müddəti də cari ilin 31 dekabrında yekunlaşacaq.

Gəncə-Qazax iqtisadi rayonunda 2012/2013-cü tədris ilində dərs deyəcək "Texnologiya" müəllimlərinə kurikulum üzrə təlimlərin keçirilməsi üçün tender üzrə qalib-məsləhətçi Sumqayıt özəl orta ixtisas kollecinin nəzdində "İdrak" məktəb-liseyi seçilib. Bu müqavilə də 2012-ci ilin 31 dekabrında başa çatacaq. Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarında gələn il "Texnologiya"dan dərs deyəcək müəllimlər üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlər də Azərbaycan Universiteti tərəfindən təşkil olunur və tərəflərin bu məqsədlə bağladığı müqavilənin son tarixi 31 dekabr 2012-ci ildir.

Bundan başqa, Lənkəran iqtisadi rayonunda 2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək "Texnologiya" fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərdə tenderin qalibi Odlar Yurdu Universitetidir. OYU ilə müqavilənin son tarixi də cari ilin son günüdür.

Elektron və informasiya texnologiyalarının rolunun artması

"Texnologiya" kurikulumunu gündəmə gətirib "Texnologiya kurikulumu" və onun xarakterik cəhətlərinə gəlincə, nazirlikdən bildirilib ki, konseptual sənəd olan "Texnologiya" kurikulumu bu fənnin məqsəd və vəzifələrini, ümumi təlim nəticələrini, məzmun xətlərini, təlim standartlarını, müəllim, şagird fəaliyyətlərini, qiymətləndirmə prinsiplərini əhatə edir:

"Texniki tərəqqinin böyük vüsət aldığı, elektron və informasiya texnologiyalarının rolunun artdığı və bazar iqtisadiyyatı şəraitində rəqabətin gündən-günə gücləndiyi müasir dövrdə bu sənəd ümumtəhsil məktəbləri şagirdlərinin texnoloji təfəkkürünün inkişafına, onlarda texnoloji bacarıqların formalaşmasına, sonrakı mərhələlərdə təhsillərini davam etdirmək üçün zəruri biliklərə yiyələnmələrinə xidmət edir".

Təqdim olunan kurikulum inteqrativ, nəticəyönümlü və şagird yönümlü xarakterə malikdir: "Bu kurikulumun inteqrativ xarakteri ondan ibarətdir ki, burada "Riyaziyyat", "Fizika", "Biologiya", "İnformatika", "Həyat bilgisi" fənləri üzrə biliklərin daha dərindən mənimsənilməsinə yönələn, onları məzmunca tamamlayan konkret bacarıqlar öz əksini tapıb. Kurrikulumda müəyyən olunan müvafiq bacarıqlar bilavasitə şagirdlərin həyati tələblərinin ödənilməsinə, onların rəqabətə davamlı şəxsiyyət kimi formalaşmasına istiqamətləndirilib".

"Texnologiya" kurikulumu – hamı üçün "Texnologiya" kurikulumu müəllimlər, məktəb rəhbərləri, dərslik və dərs vəsaiti müəllifləri, qiymətləndirmə mütəxəssisləri, valideynlər və geniş ictimaiyyət üçün nəzərdə tutulub. Bu kurikulum tədris materiallarının səmərəli planlaşdırılmasına, müasir təlim üsullarının müəyyənləşdirilməsinə, hazırkı şəraitdə bu fənn üzrə müəllim, şagird fəaliyyətlərinin inkişafını izləməyə və onu obyektiv qiymətləndirməyə lazımi imkanlar yaradır.

"Texnologiya" fənni üzrə məzmun standartları hazırlanarkən şagirdlərin idraki, informativ-kommunikativ, psixomotor fəaliyyətlərinin inkişafı, habelə zəruri vərdişlərə yiyələnmələri diqqət mərkəzində saxlanılıb.   

Şagirdlərə texnoloji mədəniyyət aşılanmalıdır

Nazirlikdən fənnin əhəmiyyəti, məqsəd və vəzifələri barədə də məlumat verilib:

"Belə ki, müasir dövrdə şagirdlərə texnoloji mədəniyyətin aşılanması böyük əhəmiyyət kəsb edir. Hazırkı vaxtda resursların və informasiyaların insanların maraq və mənafelərinə xidmət etməyə yönəldilməsi zəruri tələb kimi irəli sürülür. Belə bir zamanda şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnmələri, öz fəaliyyətlərində onlardan məqsədyönlü istifadə edə bilmələri mühüm vəzifə kimi meydana çıxır.

"Texnologiya"nın bir fənn kimi ümumtəhsil məktəblərində tədris olunması, ilk növbədə, bu zərurətdən irəli gəlir və şagirdlərə həyati bacarıqların aşılanması baxımından böyük əhəmiyyət daşıyır. Həmçinin elm və texnikanın sürətlə inkişafı, texnologiyaların durmadan yeniləşməsi də peşə və ixtisaslara tələblərin artmasını zəruri edir". İnsan öz texnoloji bacarıqları sayəsində universal istehsal sahələrində fəaliyyət göstərə bilməlidir Müasir dövrdə elə bir vəziyyət yaranıb ki, dar bir ixtisasla kifayətlənmək mümkün deyil. İnsan öz texnoloji bacarıqları sayəsində universal istehsal sahələrində fəaliyyət göstərə bilməlidir:

"Ona görə də məktəblərdə gələcəyin geniş profilli mütəxəssisinin formalaşdırılmasının ilkin təməlinin qoyulması aktual problem kimi vacib hesab olunur. Ümumtəhsil məktəblərində "Texnologiya" fənninin tədrisi şagirdlərin emal texnologiyalarından müstəqil həyatda istifadə etmələrinə, onlarda yaradıcılıq qabiliyyətinin formalaşdırılmasına, texniki sahələr üzrə təhsillərini davam etdirmələrinə hərtərəfli şərait yaradır. Təlim prosesində şagirdlər texniki fəaliyyət imkanlarını müəyyənləşdirir, problemlərin həlli üçün ideyalar irəli sürür, sadə texnoloji işləri yerinə yetirir və nəticələri qiymətləndirmək imkanı əldə edirlər".

Eyni zamanda, bu fənnin tədrisi şagirdlərin xarakterinin formalaşdırılmasına, onların mənəvi, intellektual və estetik inkişafına, dövrə uyğun texnoloji bacarıqlar əldə etməklə sosial-iqtisadi şəraitə uyğunlaşmalarına zəmin yaradır. Məhsuldar əməyə hazırlanan şagirdlərin politexnik dünyagörüşü genişlənir Bunlarla yanaşı, həmin fənn vasitəsilə şagirdlər ayrı-ayrı xidmət sahələri üzrə məhsuldar əməyə hazırlanır, onların politexnik dünyagörüşü genişlənir və şüurlu peşə seçmələri təmin olunur. Bu fənni öyrənməklə şagirdlər kompyuter texnikası və müasir texnologiyalarla ətraflı tanış olur, istehsalatdakı emal texnologiyalarına aid bilik və bacarıqlara yiyələnir, qarşıya çıxan problemləri həll etmək qabiliyyətləri əldə edirlər.

"Texnologiya" fənninin məqsədi yeni sosial-iqtisadi şəraitdə şagirdlərin müstəqil həyata, kütləvi və perspektivli peşələrə hazırlanmalarını, ümumi bacarıq və vərdişlərinə yiyələndirmələrini, yaradıcı düşüncə və aktiv fəaliyyət əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etməkdən ibarətdir.

"Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumu" çərçivə sənədinə uyğun olaraq ümumtəhsil məktəblərində "Texnologiya" fənninin vəzifələri kimi bir sıra istiqamətlər müəyyənləşdirilib. 


Əsas təhsil pilləsində texnoloji və tətbiqi bacarıqlar təkmilləşdiriləcək  

Belə ki, ibtidai təhsil pilləsində şagirdlərdə müqayisə və çeşidləmə, ilkin emal, özünəxidmət və birgə fəaliyyət vərdişləri, sadə layihələndirmə, tərtibat, modelləşdirmə, dizayn, canlı təbiətə xidmət bacarıqları, ölçü, mütənasiblik, simmetriya və digər həndəsi anlayışlar formalaşdırılır, sadə konstruksiyalar və yaradıcı işlərin yerinə yetirilməsi üzrə qabiliyyətlərin aşılanması təmin olunur.

Əsas təhsil pilləsində isə ibtidai təhsil pilləsində təyin olunmuş funksional vəzifələrin yerinə yetirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətləri inkişaf etdirməklə texnoloji və tətbiqi bacarıqların təkmilləşdirilməsi nəzərdə tutulur:

"Bundan başqa, bu pillədə sadə olmayan texnoloji proseslərin həyata keçirilməsi, yaradıcı texniki təfəkkürün formalaşdırılması, şagirdlərin müasir informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, onların peşəseçməyə istiqamətləndirilməsi, zəhmətsevərlik və yaradıcılıq ruhunda tərbiyə edilməsi təmin olunur".

Həqiqət İSABALAYEVA

ihaqiqat@mail.ru




Baxış sayı: 5695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024