12px13px15px17px
Tarix:22/09/12

“İNTERNET İDARƏÇİLİK FORUMU” İKT SİYASƏTİMİZİN UĞURU KİMİ

Azərbaycan daha bir beynəlxalq foruma evsahibliyi edəcək
 
Bu gün dünya rabitə və informasiya texnologiyaları sahəsindəki sürətli inkişafın nəticələrindən bəhrələnməkdədir. Artıq nə kosmos, nə də uzaq planetlər dünənki kimi əlçatmazdır. İnformasiyanın əldə edilməsi və ötürülməsi də ən müxtəlif formalarda və olduqca qısa zaman kəsiyində mümkün olduğundan elementar texnoloji proses kimi xarakterizə olunur.

Qabaqcıl dünya ölkələrinin təcrübəsindən  yararlanan, ən müasir standartları tətbiq etməyə başlayan, bütün sahələrdə sürətli inkişaf yolunda olan Azərbaycan rabitə və informasiya texnologiyalarının tətbiqi baxımından da öncüllər sırasındadır. 
  
Sirr deyil ki, son illər Azərbaycan bütün sahələrdə beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi məkana çevrilib. Bu, ilk növbədə ölkəmizin artan beynəlxalq nüfuzunun təcəssümüdür. İkinci bir tərəfdən, Azərbaycan öz sosial-iqtisadi, eləcə də maliyyə imkanlarına görə 10 il öncəki ölkə deyil. Bu gün dövlətimiz istənilən beynəlxalq tədbiri qəbul etməyə və yüksək səviyyədə təşkil etməyə hazırdır. Son bir neçə ildə ölkəmizdə keçirilən beynəlxalq miqyaslı siyasi, iqtisadi, mədəni tədbirlər bunun bariz nümunəsidir.

Elə sonuncu belə tədbirin – nüfuzlu mahnı müsabiqəsinin - "Eurovision"un ölkəmizdə keçirilməsi bir daha göstərdi ki, Azərbaycan böyük kütləvi beynəlxalq tədbirləri də ən yüksək şəkildə təşkil etməyə qadirdir. Beynəlxalq tədbirlərin təşkili üçün mühüm olan faktorlardan biri də infrastrukturdur. Son illər ərzində ölkəmizdə müxtəlif sahələrdə infrastrukturun genişləndirilməsi üçün görülən tədbirlər buna gətirib çıxarıb ki, Azərbaycan bu gün bu mənada da regionda ən qabaqcıl ölkədir.  

Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi həm də onun ifadəsidir ki, dünya Azərbaycanı etibarlı və ciddi tərəfdaş kimi dəyərləndirir. Məhz bu faktor deməyə  əsas verir ki, dünya ölkələri, beynəlxalq təşkilatlar ölkəmizə böyük etimad göstərir.

Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin imicinin, beynəlxalq nüfuzunun artmasına səbəb olmaqla yanaşı, yeni-yeni tərəfdaşların qazanılması, dünya ilə əlaqələrin sıxlaşmasına gətirib çıxarır. Elə ötən il Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən ölkəmizə 150 dövlətin səs verməsi də ölkəmizin beynəlxalq reputasiyasının ifadəsi idi.
 
Ölkəmiz rabitə və informasiya texnologiyaları sahəsində də beynəlxalq miqyaslı əlaqələrə malikdir, bu yöndə də Azərbaycan etibarlı tərəfdaşdır. Təsadüfi deyil ki, Bakı ardıcıl olaraq bu məzmunlu beynəlxalq tədbirlərə dəfələrlə evsahibliyi edib. Sahə ilə bağlı keçirilən beynəlxalq sərgi və konfranslar isə ənənəvi xarakter daşıyır. Növbəti belə bir tədbir beynəlxalq forum olacaq. Belə ki, Azərbaycan hökuməti və BMT-nin birgə təşkilatçılığı ilə cari ilin noyabr ayında Bakıda İnternet İdarəçilik Forumu (İİF) keçiriləcək.

Paytaxtımızın evsahibliyi edəcəyi forumda internet idarəçiliyi ilə əlaqədar BMT çərçivəsində yaradılacaq mexanizmin, idarəçiliyin təmin edilməsi məsələlərindən bəhs ediləcək, yaranan problemlərin qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılacaqdır. İnternet sahəsində 2012-ci ilin ən böyük tədbiri olacaq forumda iki minə yaxın xarici qonağın iştirak edəcəyi gözlənilir.

Fikrimizcə, forum ölkəmizin rabitə və informasiya texnologiyaları sahəsində yeni əlaqələrin yaranmasına səbəb olacaq. Eyni zamanda bu tədbir yeni beynəlxalq təcrübələri mənimsəmək üçün də yaxşı fürsət olacaq. Digər bir tərəfdən dünyanın bir çox ölkələrindən olan qonaqlar ölkəmizin necə dəyişdiyinə, inkişaf etdiyinə və müasir bir ölkəyə çevrildiyinə şahidlik edəcək. Tədbir rabitə və informasiya texnologiyaları sahəsində ölkəmizin qısa zaman kəsiyində əldə etdiyi sürətli tərəqqini də dünyaya təqdim etmək baxımından əhəmiyyətli olacaq.
 
Sözügedən forumun mandatı aparılacaq müzakirələrin əhəmiyyətini, eləcə də perspektivləri özündə əks etdirir. Forumun mandatı aşağıdakılardan ibarətdir:

İnternetin davamlılıq, etibarlılıq, təhlükəsizlik, sabitlik və inkişafını gücləndirmək məqsədilə internet idarəçiliyinin əsas elementlərinə aid dövlət siyasəti məsələlərinin müzakirəsi;

İnternet ilə bağlı müxtəlif kompleks beynəlxalq siyasət məsələləri ilə məşğul olan qurumların dialoqunun dəstəklənməsi və hər hansı mövcud qurumun səlahiyyətlərinə aid olmayan məsələlərin müzakirəsi;

Müvafiq hökumətlərarası təşkilatlarla və digər qurumlarla onların səlahiyyətlərinə aid məsələlər üzrə qarşılıqlı əlaqə;

Məlumat və ən yaxşı təcrübənin mübadiləsini  asanlaşdırmaq, bununla əlaqədar akademik, elmi və texniki birliklərin təcrübəsindən istifadə etmək;

İnkişafda olan ölkələrdə internetin mövcudluğunu və əlçatanlığını artırmaq məqsədilə bütün marağı olan tərəflərə müvafiq yol və vasitələri məsləhət görmək;

Marağı olan tərəflərin mövcud olan və ya gələcək internet idarəçilik mexanizmlərində (xüsusən də inkişafda olan ölkələrdə) iştirakının genişləndirilməsi və gücləndirilməsi;

Aktual məsələləri müəyyən etmək, onları müvafiq qurumların və geniş ictimaiyyətin diqqətinə çatdırmaq, lazım olduqda tövsiyələr vermək;

Yerli bilik və təcrübə mənbələrindən  istifadə etməklə inkişafda olan ölkələrdə internet idarəçiliyi üçün nəzərdə tutulan potensialın yaradılmasına töhfə vermək;

İCÜS prinsiplərinin internet idarəçiliyi proseslərində tətbiqini daim təşviq etmək və qiymətləndirmək; 
Vacib internet-saytlarla bağlı məsələləri müzakirə etmək;

İnternetdən istifadə və sui-istifadə ilə bağlı məsələlərin (xüsusən gündəlik istifadəçilər üçün əhəmiyyət daşıyan məsələlər) həlli yollarının tapılmasına dəstək;

Fəaliyyətin nəticələrini dərc etmək.
 
Qeyd edək ki, 2005-ci il 16-18 noyabr tarixlərində Tunisdə keçirilmiş  İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin ən əhəmiyyətli nəticələrindən biri məhz İnternet İdarəçilik Forumunun yaradılması qərarı olub.

 Forumun rolu və funksiyaları "İnformasiya Cəmiyyəti üzrə Tunis Gündəliyi"nin 72–79-cu paraqraflarında müəyyən edilib. Forumun əsas məqsədi internet idarəçiliyinə dair bir sıra məsələlərin müzakirəsindən və lazım olduqda beynəlxalq ictimaiyyətə tövsiyələrin verilməsindən ibarətdir.

 2012-ci ildə ölkəmiz İİF-nin 7-ci konfransına  evsahibliyi etmək üçün namizədliyini irəli sürdü. Sevindirici haldır ki, Bakının namizədliyi tərəddüdsüz qəbul olundu. Hazırda bu mötəbər tədbirin uğurlu təşkili üçün müvafiq qurumlar tərəfindən zəruri hazırlıq işləri həyata keçirilir.

 Son olaraq onu da qeyd edək ki, budəfəki tədbirin devizi "Davamlı İnsan, İqtisadi və Sosial İnkişaf üçün İnternet İdarəçiliyi"dir. Bildiyiniz kimi, internet insanların həyatına zaman keçdikcə daha çox nüfuz etməklə paralel, onu daha asan və rahat etməyə xidmət edir. Bu gün çox az adam tapmaq olar ki, internet istifadəçisi olmasın. İnternetin qlobal dünyaya gətirdiyi və bu kontekstdə gələcəyə təsiri olan çox mövzular var ki, bütün bu yeni tendensiyalarla bağlı hər hansı addımı atmazdan əvvəl müzakirə olunub razılığa gəlinməlidir. Bu səbəbdən də bütün iştirakçıları İKT-nin dünyadakı qlobal məqsədlərini və onun gələcək inkişafına təsir göstərəcək cərəyanları bizimlə bölüşməyə dəvət edirik.
 
 
Nəriman Hacıyev
İnternet İdarəçilik Forumu Katibliyinin yaradılması layihəsinin milli meneceri





Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024