12px13px15px17px
Tarix:15/06/13

Elm və texnologiyanın inkişafı üçün çalışan İT lideri

Qəzetimizin budəfəki sayının "Persona" rubrikasında informasiya texnologiyaları sektoruna əhəmiyyətli töhfələr verərək bu sahənin inkişafında önəmli rol oynayan şəxsiyyətlərdən biri olan Qordon Mur haqqında söhbət açacağıq.

Q.Mur dünyada "Intel" korporasiyasının banisi və "Mur qanunu"nun müəllifi kimi məşhurdur. O, 1929-cu il, 3 yanvar tarixində Kaliforniyanın San-Fransisko şəhərində dünyaya gəlib. 1950-ci ildə Kaliforniya Berkli Universitetində kimya üzrə bakalavr dərəcəsinə yiyələnib, sonra 1954-cü ildə Kaliforniya Texnologiya İnstitutunda kimya və fizika sahəsində elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. 1953-cü ildə Con Hopkins Universitetində tətbiqi fizika laboratoriyasında çalışmağa başlayıb.

Sonradan "Shockley Semiconductor Laboratory"-da Uilyam Şoklinin rəhbərliyi altında işləyib. 1957-ci ilin sentyabrında Mur və digər yeddi istedadlı mühəndis Şokli ilə fikir ayrılıqlarına görə "Shockley Semiconductor Laboratory"-dan ayrılır və "Mountain View"-da silisium tranzistorlarla iş üçün "Fairchild Semiconductor" şirkətinin əsasını qoyur.

Şirkətdə mühəndislik bölməsinin müdiri işləyən Qordon 1959-cu ildə "R&D" direktoru olur və tranzistoru hazırlayan qrupa rəhbərlik edir.

Qordon 1965-ci il, 19 aprel tarixində "Mur qanunu"nu nəşr etdirir. Qanuna görə, mikroprosessorun kristalında tranzistorların miqdarı hər iki ildən bir ikiqat artır. Mur qanunu zamanla daha aşağı maya dəyərilə daha güclü yarımkeçirici mikrosxemlərin yaradılmasını müəyyən edən yarımkeçirici sahənin əsas prinsipi oldu.

Qordon Mur və "Intel"


1968-ci ilin iyulunda Qordon Mur Robert Noysla birlikdə "Fairchild Semiconductors" şirkətindən gedir və məşhur "Intel" korporasiyasının əsasını qoyurlar. Mur korporasiya yeni yarandığı dövrdə icraçı vitse-prezident vəzifəsini tuturdu. 1975-ci ildə o, "Intel"-in prezidenti və baş icraçı direktoru olur. 1979-cu ilin aprelində Direktorlar şurasının sədri və korporasiyanın baş icraçı direktoru seçilir.

Mur 1987-ci ilədək baş icraçı direktor vəzifəsini icra edib, 1997-ci ildən korporasiyanın Direktorlar şurasının fəxri sədridir. Şirkət yeni yarandığı dövrdə Endi Qrouv da onlara qoşulur. Qısa zaman ərzində "Intel" rəhbərləri şirkətin sonrakı taleyini müəyyən edən ən əhəmiyyətli qərarı qəbul edirlər.

Onlar kompüter üçün əməli yaddaşın və yaddaşın digər elektron sxemlərinin buraxılışı ilə məşğul olmağa başlayırlar. O zaman bu iş şirkətə gəlirin gəlməsini təmin edirdi. 1971-ci ildə dünyaya 4004 adlı ilk "Intel" mikroprosessoru təqdim edilir. Bu, bütün iş üçün lazım olanları - registrlər, "Bul" məntiqi və summatoru özündə birləşdirən 4 bitlik mikroprosessor idi.

Mikroprosessor bir yapon şirkətinin sifarişi əsasında xüsusi olaraq onun kalkulyatorları üçün hazırlanmışdı. Prosessorun istehsal hüququ müqaviləyə əsasən yaponlara keçməli idi. Lakin ciddi maliyyə problemləri yaşayan yapon şirkəti "Intel"-lə yeni müqavilə bağlamağa qərar verir.

Bu razılaşmanın şərtlərinə görə, Amerika şirkəti mikroprosessorları iki dəfə daha az məbləğdə Yaponiyaya çatdırmağı öhdəsinə götürürdü. Amma istehsalın bütün hüquqları "Intel"ə aid idi. Tədricən şirkətin mikroprosessorları təkcə işıqforlarda və kalkulyatorlarda deyil, həm də ilk fərdi kompüterlərdə meydana çıxmağa başladı.

"Intel" şirkətinin prosessorları əsasında hazırlanan kalkulyatorlara tələbat çox idi. Artıq şirkətin rəhbərləri başa düşürdülər ki, onun gələcəyini yaddaş istehsalı deyil, mikroprosessor istehsalı ilə bağlamaq lazımdır.

Şirkət 1971-ci ildə "ISSCC" konfransında dünyada ilk silinib proqramlaşdırıla bilən yalnız oxunan yaddaş (EPROM - ERASABLE PROGRAMMABLE ROM) texnologiyasını təqdim edir. "Intel" 1972-ci ildə xaricdə ilk fabrikini açır. Həmçinin ilk 8 bit "8008" adlı mikroprosessorunu istehsal edir.

Bundan əlavə, korporasiya kiçik "Microma" şirkətini satın alaraq elektron saat bazarına daxil olur. Şirkət 1973-cü ildə isə mikroprosessorlar üçün birinci yüksəksəviyyəli "PL/M" proqramlaşdırma dilini hazırlayır. Korporasiya 1974-cü ildə "Intel 8080" adlı mikroprosessorunu təqdim etdi; o, 4500 tranzistordan ibarət idi və məhsuldarlıq baxımından əvvəlkiləri 10 dəfə üstələyirdi.

Bu mikroprosessor tezliklə yüzlərlə müxtəlif qurğular, həmçinin işıqfor və kassa aparatlarında istifadə edilməyə başladı. "Intel 8080" mikroprosessoru, hətta birinci fərdi kompüterlərdən biri sayılan "Altair 8800"-də istifadə edilmişdi. "Intel" korporasiyası 3 ildən sonra birinci 16 bit "8086" adlı prosessorunu təqdim etdi. Artıq bu zaman mikroprosessor bazarında rəqabət yaranmağa başlamışdı.

"Motorola" şirkəti az da olsa "Intel"i sıxışdırırdı. Bundan başqa, prosessorlar bazarına tədricən "AMD", "Sun", "DEC" və "HP" kimi şirkətlər daxil olurdu. "AMD" şirkəti indiyə qədər "Intel"in əsas rəqibidir. Maraqlıdır ki, əvvəlcə o, "Intel" hazırlamalarının sadə klounlaşdırması ilə məşğul olurdu. Yalnız 90-cı illərdə "AMD", nəhayət, öz şəxsi prosessorlarını hazırlamağa başladı.

Rəqabətin güclü olmasına baxmayaraq "Intel" çox sürətlə inkişaf edirdi. 1968-ci ildə 12 əməkdaşı olan şirkətin artıq 1980-ci ildə 15 min əməkdaşı var idi. 1983-cü ildə "Intel" gəliri 1 milyard dollar təşkil etdi.

Murun nüfuz qazandırdığı korporasiya hazırda da yeniliklərlə çıxış edir

"Intel" şirkəti hazırda da yeni qurğuların istehsalını uğurla davam etdirir. Korporasiya bu yaxınlarda Taybeydə açılmış "Computex 2013" sərgisində "Intel Core" prosessorlarının dördüncü nəslini təqdim edib. Şirkət bəyan edib ki, yeni prosessorlar məhsuldarlığa görə əvvəlki nəsil (Ivy Bridge) çipləri 15%, qurğudan batareyasız istifadə vaxtına görə 50% üstələyir.

"Haswell" əsasında işləyən kompüterlər "Ivy Bridge" kompüterləri ilə müqayisədə üç dəfə artıq gözləmə rejimində qala bilirlər. Bu isə o deməkdir ki, yeni prosessorlu qurğu fəal şəkildə istifadə edildikdə 9 saatadək, gözləmə rejimində olduqda 13 günədək işləyəcək.

Bununla yanaşı, "Intel" korporasiyası "Computex 2013" sərgisində tezliklə "Thunderbolt 2" interfeysini dəstəkləyən qurğuların bazara çıxarılacağını bəyan edib. Sözügedən interfeys verilənlərin hər iki istiqamətdə 20 Qbit/s sürətlə ötürülməsini təmin edəcək. İnterfeys texnologiyanın birinci versiyası ilə tam uyğundur: yeni kompüterlərə köhnə periferiyanı qoşmaq və ya əksinə mümkün olacaq.

"Thunderbolt 2.0" texnologiyasını dəstəkləyən ilk qurğular artıq bu ilin sonunda istehsal ediləcək. Kütləvi istehsal 2014-cü ilə planlaşdırılıb. Daima elm və texnologiyanın inkişafı üçün çalışan İT lideri Qordon Mur Texniki Elmlər üzrə Milli Akademiyanın üzvü, Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutunun fəxri üzvü, Kaliforniya Texnologiya İnstitutunun Qəyyumlar Şurasının sədridir. Mur 1990-cı ildə texnologiyalar sahəsində nailiyyətlərinə görə Milli medalla mükafatlandırılıb.

O, həmçinin 2002-ci ildə "Bauer" medalına layiq görülüb. Bu medal Franklin adına Elm və İncəsənət İnstitutu tərəfindən elmin inkişafına mühüm töhfələr verən şəxslərə verilir. Bununla yanaşı, 2008-ci ildə inteqral sxemlərin emalında novator texniki funksiyaları və yarımkeçirici sənayedə MOP-yaddaş, mikroprosessorlar və kompüterlərin inkişafında liderliyə görə "IEEE" fəxri medalı ilə təltif edilib.

Qordon həyat yoldaşı Betti ilə birlikdə davamlı olaraq elm və texnologiyanın inkişafına yardım göstərir. 2001-ci ildə Qordon və Betti Mur tədqiqat və texnologiyaların inkişafı məqsədilə Kaliforniya Texnologiya İnstitutuna 600 milyon dollar ayırıb. Bundan əlavə, 2007-ci il, 6 dekabr tarixində onlar Kaliforniya Texnologiya İnstitutu və Kaliforniya Universitetinə dünyada ən böyük optik teleskop olan 30 metrlik teleskopun hazırlanması üçün 200 mln. dollar hədiyyə edib.

Cahangir Atakişiyev



Baxış sayı: 10533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024