12px13px15px17px
Tarix:23/11/13

“Apple Siri” sisteminin və “Google”-un pilotsuz avtomobillərinin yaradıcısı

Cuda Perl  “Bayes” şəbəkələrinin riyazi aparatının müəllifi, ehtimal nəticəsinin riyazi və alqoritmik bazasının yaradıcısı, qrafik ehtimal modelləri üçün etibarın yayılması alqoritminin təşəbbüskarı kimi informasiya texnologiyaları tarixində xüsusi yer tutur.

Görkəmli alim süni intellekt sahəsində tədqiqatlar apararaq “Apple Siri” - nitqin tanınması sistemi və “Google”-un pilotsuz avtomobilləri daxil olmaqla bir sıra ilklərə imza atıb.

Alimin tədqiqatları nəticəsində “ağıllı maşın”ların hazırlanması, qeyri-müəyyənliklərin öhdəsindən gəlmək və hadisənin birqiymətli çıxışı olmadıqda düzgün qərar qəbul etmək imkanına nail olunub.

Təsadüfi deyil ki, Perl 2011-ci ildə süni intellekt sahəsində hesablama hazırlaması vasitəsilə ehtimal və səbəb - nəticə fikirlərinin həyata keçirilməsinə fundamental töhfəsinə görə nüfuzlu “Türinq” mükafatına layiq görülüb.
Perlin “Probabilistic Reasoning in Intelligent Systems: Networks of Plausible Inference” (1988) kitabı sitat gətirmələrin miqdarı (2012-ci ilin may ayına görə 5222 fakt)  üzrə “CiteSeerX” bazasında 7-ci mövqedə dayanıb.

“Persona” rubrikasında bu dəfə kompüter elmləri, koqnitiv elmlər, süni intellekt, statistika, ehtimal nəzəriyyəsi və fəlsəfənin inkişafında mühüm xidmətlər göstərmiş görkəmli alimin həyatı və fəaliyyəti haqqında danışacağıq.
 
Avtobioqrafiyası
 
Cuda Perl 1936-cı il, 4 sentyabr tarixində Təl-Əvivdə dünyaya göz açıb. Uşaqlığı Bney-Brakda keçən Cuda İsrail ordusunda  xidmətdən sonra, 1956-cı ildə  mühəndislik işini öyrənməyə qərar verir. Qərarın nəticəsi olaraq Hayfa Texnion Universitetinə daxil olur, 1960-cı ildə elektrotexnika üzrə bakalavr dərəcəsini alır.
İnstitutu bitirdikdən sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedir,  1961-ci ildə Nyu-Arkskda mühəndislik kollecində (indiki Nyu-Cersi Texnologiya İnstitutu) elektronika üzrə magistr dərəcəsinə yiyələnir.  O, 1965-ci ildə Ratqerts Universitetində fizika üzrə magistr dərəcəsi alır.

Elə həmin ildə Bruklin Politexnik İnstitutunda (indiki Nyu-York Universiteti) elektrotexnika üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülür.

Perl “RCA” şirkətinin tədqiqat laboratoriyasında və “Electronic Memories” şirkətində işləyir. O, hər iki iş yerində yüksək keçirici yaddaş qurğularının və yaddaşın müasir sistemlərinin hazırlanması ilə məşğul olur.
İnformasiya texnologiyalarına olan maraq Perli 1969-cu ildə Los-Ancelesdə Kaliforniya Universitetinə getməyə vadar etdi, 1970-ci ildə o, informatika fakültəsində yer aldı.

Perl  1976-cı ildə professor vəzifəsinə təyin edilir, 1978-ci ildə koqnitiv sistemlərin laboratoriyasının əsasını qoyur.
 
C.Perlin əsas işləri
 
Bu laboratoriya alimin daimi iş yeri oldu. Burada süni intellekt sahəsində  işlər (evristika axtarışı, ehtimal  və səbəb-nəticə fikirləri tədqiqatları) həyata keçirilirdi.

Perlin 1984-cü ildə “Evristikalar: problemlərin avtomatlaşdırılmış həlli üçün intellektual axtarış strategiyaları”  (ing. Heuristics: Intelligent Search Strategies for Computer Problem Solving) kitabı dərc edilir.
Kitabda A* və oyun alqoritmləri kimi axtarışın ənənəvi alqoritmləri sahəsində yeni nəticələr təqdim edilmişdi.
Perl 1988-ci ildə süni intellekt sahəsində inqilabi  işi – “İntellektual sistemlərdə ehtimal fikirləri”ni (ing. Probabilistic Reasoning in Intelligent Systems)  yazır.

Bir neçə il sonra məntiq və neyron şəbəkələri sahəsində bir sıra aparıcı tədqiqatçılar ehtimal yanaşmasını qəbul etdi.

Çoxillik tədqiqatların və 50-dən çox nəşrin nəticəsini təşkil edən bu kitabda Perl dövrlərsiz yönəlmiş qraflardan - ehtimal qrafik modelləri: “Bayes” şəbəkələri və “Markov” şəbəkələrindən istifadə ilə ehtimal modellərinin qurulmasına yeni yanaşmanı təklif edir.

Perl mürəkkəb ehtimal modellərində (belief propagation (“etibarın yayılmaları”) aposterior ehtimalların hesablanmasının yeni alqoritmi, həmçinin “Markov” zəncirlərində (ing. MCMC) monte-karlo metodundan istifadə ilə yaxınlaşdırılmış nəticə alqoritmləri, şərti müstəqilliyin xüsusiyyətləri, təlim alqoritmləri hazırlayır. Kitabın nəşrindən sonra, “Bayes” şəbəkələri maşın təlimi  statistika, təbii dil, hesablama biologiyası, robot texnikası və koqnitiv elmlər üzrə tədqiqatların mühüm hissəsi oldu.

2000-ci ildə daha bir fundamental iş -“Səbəbiyyət: modellər, fikirlər və nəticə” (ing. Causality: Models, Reasoning, and Inference) kitabını elmi ictimaiyyətə təqdim edir. Kitabda verilənlərdə səbəb nəticə əlaqələrinin üzə çıxardılması üçün riyazi aparat, səbəb-nəticə fikirlərinin həyata keçirilməsi (ing. Causal Reasoning), intervensional analiz (ing. interventional analysis)  və do-hesablamaları (ing. do-calculus) təklif edilmişdi.
 
Mükafatları
 
Perlin səbəbiyyət haqqında işi ən əhəmiyyətli novator elmi əsər olaraq “Lakatos” mükafatını qazandı. 2003-cü ildə Hesablama Texnikası Assosiasiyası Perli süni intellektə və onun proqramlarına töhfə, evristika axtarışı sahəsində novator işlər vasitəsilə güclü riyazi və nəzəri bazanın qurulması, qeyri-müəyyənlik şəraitində fikirlər, məhdudiyyətlər, qeyri-monoton fikirlər və səbəb-nəticə modelləşdirməsinin təmin olunmasına görə “Allen Nyuell” medalı ilə təltif etdi.

O, həmçinin 2008-ci ildə “Şahidliyin qeyri-müəyyənliyi şəraitində hesablamalar və fikirlər üçün birinci əsas alqoritmlərin yaradılması”na görə “Franklin Bencamin” medalı ilə mükafatlandırılıb.
Qeyd etdiyimiz kimi, 2011-ci ildə Perl nüfuzlu “Türinq” mükafatının laureatı olub.

Hər il “ACM (Association for Computing Machinery)” təşkilatının təsis etdiyi mükafat öz sahəsində əhəmiyyətinə görə “Nobel” mükafatı ilə müqayisə olunur. Perl ehtimal və səbəbiyyətin dərki sahəsində apardığı tədqiqatlara görə bu mükafata layiq görülüb.

İnternetin yaradıcılarından biri olan Vinton Serf də bu mükafatın laureatlarındandır. Onun fikrincə, Perlin tədqiqatları son 30 ildə “ağıllı maşın” terminini yenidən müəyyənləşdirməyə şərait yaratdı. “Perlin əsərləri yalnız maşın təlimi deyil, həm də təbii dilin işlənməsi, kompüter “görməsi”, robot texnikası, hesablama biologiyası, ekonometrika və statistikaya da nəhəng təsir göstərdi” - deyə Serf bildirib.
Kompüter elmləri üzrə professor Riçard Korf da Perli süni intellekt sahəsində nəhənglərdən biri kimi təsvir edir.
 
Maraqları
 
Perl asudə vaxtı musiqiylə maraqlanır: gitara, piano ifa edir.
Onun əsas hobbilərindən biri də riyaziyyat və fəlsəfə üzrə köhnə kitabların kolleksiyasını yığmaqdan ibarətdir.
Cuda Perl və onun həyat yoldaşı Rut Perlin üç övladı var: Tamara, Mişel və Deniel.
Məlumat üçün bildirək ki, Cuda və Rut  Deniel Perl Fondunun (ing. Daniel Pearl Foundation) əsasını qoyub.
 
Cahangir Atakişiyev



Baxış sayı: 9841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024